“Restoranlarda və digər ictimai iaşə müəssisələrində işləyən aşpazların bilgisizliyi qida zəhərlənmələrin bir nömrəli səbəbidir”.
Bu fikirləri Azərbaycanda qidadan zəhərlənmə hallarının artmasının səbəbləri haqda danışan ekspert Ağa Salamov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusilə, iaşə obyektləri peşəkar mütəxəssislərlə işləməli və orada çalışan aşpazlarla zəruri təlimlər keçirilməlidir:
“Ölkədə zəhərlənmə hallarının artmasına başlıca səbəb ictimai iaşə müəssisələrində və restoranlarda mənşəyi məlum olmayan ərzaq məhsullarından istifadə edilməsi, həmçinin bunları qəbul edən aşbazların hazırlıq səviyyəsinin aşağı olmamasıdır.
Müdüriyyətin aşpaza qəbul etdirdiyi mənşəyi məlum olmayan ucuz ət məhsulları və onların düzgün şəraitdə saxlanmaması, etiketlənməməsi, qida məsullarının qonşuluq prinsiplərinin pozulması zəhərlənmə hallarının artmasına yol açır. Eyni zamanda, riskli qidaların bişirilməsi və soyudulması prosesində kobud səhvlər buraxılır.
Onu da qeyd edim ki, belə müəssisələrdə nəzarət sistemi çox zəifdir. Bu səbəbdən, restoranlar peşəkar mütəxəssislərlə işləməli və orada çalışan aşpazlarla zəruri təlimlər keçirilməlidir. Belə təlimlərin keçirilməsinin həm də restoranların büdcəsinə xeyiri var. Bu, həm zəhərlənmə kimi hadisələrin qarşısını almağa, həm də tullantıların azalmasına təsir edəcək.
Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi bir sıra reydlər keçirsə də, ölkədə fəaliyyət göstərən bütün müəsissələri nəzarətdə saxlamaq mümkün deyil. Agentlik bu işlərin təşkili üçün hər bir rayon üzrə nümayəndə heyəti formalaşdırmalıdır.
Ümumiyyətlə, menecmentlik təhsili olmayanlar ictimai iaşə müəssisələrinə rəhbərlik etməməlidirlər. Əgər menecmentlik təhsili olmayan şəxs həmin obyektə rəhbərlik edirsə, o halda heç olmasa, müəyyən biliklərə malik olmalı, bunun üçün kurslara getməlidir. Aşpazların isə ən azı peşə təhsili olmalıdır. Müəssisələrdə çalışan aşpazların bilgisizliyi qida zəhərlənmələrinin bir nömrəli səbəbidir”.
Nuray Məmmədzadə