Qırğızıstan prezidenti Azərbaycan xalqını təbrik etdi – FOTOLAR

Qırğızıstan prezidenti Sadır Japarov Qarabağ – Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. Bu barədə o, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovu qəbul edərkən bildirib. Sadır Japarov onun salamlarını Prezident İlham Əliyevə çatdırmağa xahiş edib. Eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanın Qırğızıstan üçün qardaş ölkə olduğunu diqqətə çatdırıb və 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacığına ümidvar olduğunu qeyd edib.

Yenicag.az xəbər verir ki, Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında intensiv təmasların ən yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb, iki ölkə arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcudluğuna diqqət çəkib. Qırğızıstanın dövlət başçısı Prezident İlham Əliyevi öllkəsinə səfərə dəvət edib.

Qəbul üçün Qırğızıstan prezidentinə təşəkkür edən səfir Hidayət Orucov ona Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Səfir bildirib ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi və genişləndirilməsi Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindəndir. Diplomat Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə dinamik şəkildə dərinləşəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr, ortaq mədəniyyətlər, ənənələr, adətlər, dil və din birləşdirir və bu öz növbəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. Azərbaycan ilə Qırğızıstan qardaş ölkələrdir və müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində (həm siyasətdə, həm humanitar sahədə, həm də diplomatiyada) əməkdaşlığımız dərinləşir. Ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Həm Qırğızıstan, həm də Azərbaycan yüksək səviyyədə humanitar tədbirlər keçirilir. Bundan əlavə, iqtisadi əlaqələrin, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin genişləndirilməsinə imkan verən böyük istifadə olunmamış potensialımız mövcud olduğu diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ticarət dövriyyəmizin artırılması və idxal-ixracın diversifikasiyası müzakirə edilib.