Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki vəziyyətlə bağlı görüşdü

Qırğız Respublikasının Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı İmomali Rahmon Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Qırğız KİV məlumat yayıb.

Bildirilib ki, iki ölkə liderləri atəşi dayandırmaq, qoşunların və vasitələrin təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar.

İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq.

Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan Hökumətlərarası Komissiyasının işinin sürətləndirilməsi haqqında da razılıq əldə olunub.