!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırılmayan “Lənət zənciri”: “Bişkek protokolu – 23 il

!Reklam – Yazi

Qarabağ cəbhəsində atəşin kəsilməsini təmin edən “Bişkek protokolu”nun imzalanmasından 23 il ötür.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycan – Ermənistan cəbhə xəttində atəşkəsin müntəzəm pozulmasına baxmayaraq, 1994-cü il mayın 12-də təsdiqlənmiş “Bişkek protokolu” Qarabağda irimiqyaslı müharibənin yenidən alovlanmasını əngəlləyən əsas sənəd qüvvəsindədir.

1992-94-cü illəri əhatə edən 1-ci Qarabağ müharibəsinin gedişində Azərbaycan və Ermənistan arasında müxtəlif vasitəçilərin səyləri ilə bir neçə dəfə atəşkəsə nail olunsa da, həmin “pauza”ların ömrü çox qısa olub. Azərbaycanda daxili-siyasi sabitsizlik üzündən cəbhədə fəallığını xeyli artıran Ermənistan 1992-ci ilin sonlarından 1993-cü ilin payızına qədər vəziyyəti öz xeyrinə dəyişməyi bacardı. Bu məsələdə əlbəttə ki, Azərbaycanda o dövrdə hökm sürən xaos və Rusiyanın Ermənistana açıq dəstəyi həlledici rol oynadı.

Bununla belə, 1993-cü ilin dekabrından etibarən genişmiqyaslı hücum kampaniyasına başlayan Azərbayan ordusu işğal olunmuş ərazilərin müəyyən hissəsini azad etdi. 1994-cü ilin martında cəbhədə təşəbbüsə yenidən yiyələnməyə çalışan Ermənistanın Tərtər-Bərdə istiqamətində başladığı və uzun müddət davam etdirdiyi hücum əməliyyatı Azərbaycan ordusunun effektli müdafiəsi sayəsində nəticəsiz qaldı. Bu əməliyyata öz hərbi gücünün əhəmiyyətli hissəsini cəlb edən Ermənistan istər canlı qüvvə, istərsə də silah-texnika baxımından böyük itkilərə, eyni zamanda, psixoloji zərbəyə məruz qaldı. Azərbaycanın belə bir şəraitdə əks-hücuma keçərək, düşmənə sarsıdıcı zərbə vurmaq planı isə Ermənistanın hamisi Rusiyanın dövrəyə girməsi səbəbindən kağız üzərində qaldı. Azərbaycanın başlayacağı növbəti hərbi kampaniyanın Ermənistan üçün son olacağını nəzərə alan Rusiya tərəfləri “səngər”dən çıxararaq, danışıqlar masasına əyləşdirdi. Çox da uzun sürməyən müzakirələrdən sonra Qarabağ cəbhəsində atəşin kəsilməsinə zəmin yaradan “Bişkək protokolu” hazırlandı. Yekun olaraq, mayın 12-də təsdiq olunan həmin sənədi Azərbaycandan Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov, əks tərəfdən isə parlamentin sədri Babken Ararksyan ilə Dağlıq Qarabağın erməni icmasının rəhbəri Karen Baburyan imzalayıb.

Həmin sənədin imzalanmasından ötən 23 il ərzində “Bişkek protokolu” ətrafında müzakirələr heç vaxt səngiməyib. Rusiyanın birbaşa təzyiqi ilə imzalanmış o sənədi Azərbaycanın əl-qolunu bağlayan “zəncir” kimi qiymətləndirənlərlə yanaşı, Azərbaycanın nəfəs dərməsi və yenidən toparlanması üçün yaranan fürsət hesab edənlər də var.

Bu barədə Yeniçağ.Az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli “Bişkek protokolu”nun imzalanmasını dövrün yaratdığı zərurət kimi qiymətləndirib:

“Mən o vaxt dediyim fikri bir daha təkrar edirəm ki, “Bişkek protokolu”nun imzalanması Azərbaycan üçün vacib idi. Bilirsiniz ki, o zaman Azərbaycanın imkanları indiki ilə müqayisədə xeyli məhdud idi. Xüsusilə, hərbi arsenalın müntəzəm yenilənməsi üçün vəsait çatışmazlığı vardı. Eyni zamanda, həmin protokolun imzalanmasından ötrü Rusiyanın təzyiqləri də nəzərə alınmallıdır. O baxımdan, mərhum Heydər Əliyev vəziyyəti düzgün qiymətləndirərək, atəşkəsin imzalanmasına razılıq verdi.

“Bişkek protokolu” 20 il üçün nəzərdə tutulsa da, onu imzalayan tərəflərdən heç biri oradan çıxdığını bəyan etmədiyi üçün sənəd hələ də qüvvədədir”.

Azərbaycan ordusunun 1994-cü il uğurlu qış hərbi kampaniyasının əsas komandanlarından biri olan polkovnik Şair Ramaldanov da Yeniçağ.Az-a açıqlamasında “Bişkek protokolu”nun imzalanmasını Azərbaycanın maraqlarına uyğun qərar kimi qiymətləndirib:

“Bu məsələyə 23 il əvvəlki şəraitə uyğun olaraq baxanda, Azərbaycanın “Bişkek protokolu”nu imzalaması çox düzgün addım kimi görünür. Qeyd edim ki, bizim 1994-cü ildə keçirtdiyimiz uğurlu Horadiz əməliyyatından sonra da iki dəfə atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan hər dəfə o razılaşmanı pozdu. Lakin Azərbaycan ordusu ağır müdafiə döyüşləri apararaq, Ermənistanın hücumunun qarşısını aldı, düşməni ağır itkilərə məruz qoydu. Protokolun imzalandığı ərəfədə Ermənistan bütün gücünü səfərbər edərək, bir neçə istiqamətdə hücum əməliyyatına başlamışdı. Azərbaycan o hücumların qarşısını uğurla alırdı. Belə bir şəraitdə atəşkəs məsələsi yenidən gündəmə gəldi və nəticədə, “Bişkek protokolu” imzalandı. Təkrar edim ki, o protokolun imzalanması doğru addım idi. Çünki o zaman ölkənin imkanları heç də indiki kimi geniş deyildi. Silah-sursat alınması üçün maddi imkanlar məhdud idi. Bunu nəzərə aldıqda, Azərbaycanın atəşkəsə razılıq verməsi optimal qərar sayılmalıdır.

Mən o fikirlə razı deyiləm ki, “Bişkek protokolu” Azərbaycanın əl-qolunu bağlayır. Çünki hərbi əməliyyatların başlaması qaçılmaz olacaqsa, Azərbaycan rəhbərliyi, Ali Baş Komandan hücum əmrini verəcək. Əgər Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə azad etməyə hələ qərar verməyibsə, bu, Prezidentimizin humanist mövqeyi ilə bağlıdır. Ancaq aydındır ki, hər şeyin bir həddi var. İnanıram ki, Azərbaycan ordusu indiki hərbi qüdrətimiz sayəsində ölkənin ərazi bütövlüyünü ən qısa müddətdə bərpa etmək vəzifəsini uğurla yerinə yetirməyə qadirdir”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

2226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv