“Ermənistan Rusiyanın yanında ona görə dayanmışdı ki, Moskva Qarabağ məsələsində İrəvanı dəstəkləyirdi”.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının gələn ay Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitinə qatılmağa razılıq verməsinin Rusiya-Ermənistan münasibətlərinə mümkün təsirini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri artıq geridönüşü olmayan məcraya keçib:
“Paşinyanın MDB sammitində iştiraka razılıq verməsi Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşmasına təsir etməyəcək.
Ermənistan Rusiyanın yanında ona görə dayanmışdı ki, Moskva Qarabağ məsələsində İrəvanı dəstəkləyirdi. Qarabağı itirəndən sonra Ermənistan özünə yeni müttəfiq, yeni hami axtarır.
Ermənistan kimi ölkəni Qərb müdafiə edəcək. Ancaq Ermənistanın Rusiyadan qopması uzun prosesdir. Hələ ki Ermənistanın iqtisadiyyatı, təhlükəsizliyi, ordusunun silahlanması Rusiyaya bağlıdır. Bundan xilas olmaq vaxt tələb edəcək.
Ancaq başlayan proses qarşısıalınmazdır. Rusiya rəhbərliyinin fərsizliyinə görə ruslar hər sahədə itirə-itirə gedirlər. İndiki hakim zümrə ilə Rusiyanın gələcəyi yoxdur”.
Səxavət Məmməd