Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində bu dəfə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib.
Yenicag.az xəbər verir ki, Qırmızı Ürəklər Fondunun könüllülərinin də iştirak etdiyi aksiyada sahil zolağından 1200 kiloqram həcmində plastik və digər məişət tullantıları toplanıb.
Bir çox şirkətin qatıldığı təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərin sahilyanı ərazilərinin tullantılardan təmizlənməsi ilə yanaşı, bu təşəbbüsə daha çox iştirakçı cəlb etməklə ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir.
Fəaliyyət istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi olan Qırmızı Ürəklər Fondu hər zaman bu kimi layihələrdə yer almaqla cəmiyyətdə təbiətə qarşı həssaslığı artırmağa, könüllülərinin timsalında insanları ekologiyanın qorunmasına səsləyir. Ətraf mühitin mühafizəsində yaxından iştirak etmək, eləcə də bu kimi layihələrdə hər zaman tərəflərdən biri olmaq Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir və bankın bu istiqamətdə fəaliyyəti davam edir.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”-ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.