Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qırxıqbaş”ların bərbərxana qadağası – Onlara olar, bizə yox? - Səxavət Məmməd yazır

Karantində saçı uzanmayan məmurun başının altından çox şey çıxar (c)

Başqaları kimi yazıya Tolstoy, Şekspir, nə bilim başqa hansısa dahilərin kəlamı ilə də başlaya bilərdim. Saçımızın-başımızın bu halında böyük dühalara baş qoşmaqdansa, başımızı əmanət etdiyimiz bərbərimiz bizə daha müdrik görünür.

Pəncərədən çölə baxın. Tez romantikləşməyin, gözəl yaz havasını içinizə çəkməyi, yaşıllıq görməyi demirəm, küçələrdəki adamları nəzərdə tuturam. Karantinin sərt rejimində belə küçələr adamla qaynayırdı. Əksini iddia edənlər karantin rejiminə məhəl qoymadıqları üçün cərimələnənlərin siyahısına baxsınlar.

Piyadaları nəzərə almasaq, cərimələnən sürücülərin sayı 50 min civarındadır. Rəsmi rəqəmləri boş verin, hələ ara küçələrə nəzarət etsəydilər, bu rəqəm yalan olmasın, 500 minə çatardı.

Bir neçə gün öncə karantin rejmi yumuşaldıldı. Ticarət mərkəzləri istisna olmaqla, əksər marketlər işlərini bərpa etdilər. Adlarını yazıb, gözünüzü yormuram, nələri nəzərdə tutduğumu bilirsiniz.

Sosial məsafə? Kassaların qarşısına baxın, görün orada məsafənin heç “m”indən əsər-əlamət var? Bankların önündəki növbələrə göz gəzdirin. Sadəcə, 3 bankın qarşısına toplanan insanları bir yerə yığsaq, “Məhsul” stadionu dolar. İstəyirsiniz adına mitinq, piket, ya da başqa nəsə deyin. Vallah, billah dolar.

Koronavirusun günahkarları – Bərbərlər və 65 yaşlılar

Böyük ehtimalla, ən sonuncu yumuşaltma bərbərlərə, o cümlədən, yaşı 65 yaş və ondan daha çox olanlara şamil ediləcək. Adama elə gəlir ki, koronavirusun ölkəyə yayılmasının baiskarları məhz bu iki kateqoriyadır. Bərbərim zəng edib deyir, sən bilərsən, biz nə vaxt azadlığa çıxacağıq? Dedim, bildiyim budur ki, siz azadlığa çıxsanız, bizim də başımız ağ günə çıxar.

Deyir, yenə sən bilərsən, mətbuat konfransına çıxan məmurların saçı heç uzanmır? Adama elə gəlir ki, karantin dönəmində tez-tez efirdə görünən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının saçı, ümumiyyətlə, inkişafdan qalıb.

Bərbərim deyir ki, Ramin Bayramlının saçının üstündə 10 dəqiqəlik iş var, ancaq İbrahim Məmmədovun saçını o “vid”ə salmaq çox əziyyətli işdir. Kimsə loru dildə deyəcək ki, onlar adam içinə çıxırlar, saçlarına, üst-başlarına fikir verməlidirlər. Başa düşmədim, biz bəyəm zooparka çıxırıq?

Camaatın küçələrdə olduğu bir vaxtda, bərbərxanalar niyə bağlı qalmalıdır? Guya mağazalarda sosial məsafə gözləyən var ki, bərbərxanalar açılsa, yoluxma fontan vursun?

Ciddi sözümdür, son vaxtlarda hansı məmurun saçını uzanmış, geyimini səliqəsi pozulmuş gördünüz? Saçı uzanan polis görmüsünüz? Sizi bilmirəm, mən yox! Qərəzli olsam, üz tərəşına da ilişərdim. Ancaq hər bir kişi özü üzünü təraş edə bilər.

Onda sual yaranır, bu qadağa məmurların özəl bərbərlərinə şamil edilməyib? Gedib hansısa ucqar yerdə bərbərxanasını açanı cərimələməkdənsə, məmur bərbərlərini birinci cərimələmək lazım idi. Onda o biri bərbərlər də dərs çıxarardı.

Yaşı 65 və çox olan insanların ev həbsinə məhkum edilməsinə qarşı çıxmışam. Bəli, onlar sözün həqiqi mənasında ev dustağı vəziyyətindədirlər. İnsanın yaşı artdıqca, onun səhhətindəki problemlər də özünü göstərir. Xüsusilə, ürək-damar xəstəlikləri daha da “şıltaqlaşır”.

Həkimlər bu xəstəlikdən əziyyət çəkən insanlara təmiz havada olmağı, hərəkət etməyi məsləhət görürlər. Yaxşı, saçına diqqət ayıran TƏBİB-in rəhbəri heç bilmir ki, o yaş kateqoriyasına aid olan insanlara ev həbsi vermək onların ömürlərini qısaltmaq anlamına gəlir?.

Görəcəksiniz, karantin dönəmindən sonra küçəyə çıxışına qadağa qoyulan yaş qrupuna aid şəxslərin “yarpaq tökümü” başlayacaq. TƏBİB və Səhiyyə Nazirliyi bunun məsuliyyətini üzərlərinə götürməyə hazırdır?

Çox güman ki, mayın 4-dən etibarən, karantin rejimi ləğv ediləcək. Buna səbəb isə koronavirusa yoluxma hallarının azalması olmayacaq. Dünyada bu qadağanı qaldıran ölkələrin gətirdiyi tək səbəb var: “İqtisadiyyat çökməsin deyə, bunu etməyə məcburuq”.

Hamısı da etiraf edirlər ki, karantin rejimini ləğv etməyin yoluxmanın azalıb-çoxalması ilə əlaqəsi yoxdur.

Qısası: #FreeBərbərlər, #Free65yaşlılar, #evhəbsinəson

www.yenicag.az

1089