Qışa damğa vuran transferlər – 1 milyard hara getdi?

Qış transfer dönəmində “Böyük beşlik” ölkələrinin klubları fantastik pullar qarşılığında səs-küylü transferlərlə yadda qaldılar.

Yenicag.az xəbər verir ki, bu müddət ərzində bir milyard avrodan çox pul xərcləndi.

Bu mənada daha çox fərqlənən klub “Barselona”dır. Uzun müddətdi heyətinə daxil etmək istədiyi Filipp Koutinyonun transferini rəsmiləşdirən Kataloniya təmsilçisi “Liverpul”a 160 milyon avro ödəməklə qış transfer dönəminin ən çox pul xərcləyən klubu oldu. Bundan başqa, “Barselona” Yerri Minanın transferi üçün Braziliyanın “Palmeyras” klubuna 12 milyon avro ödədi. Minna klub tarixinə ilk kolumbiyalı futbolçu kimi düşdü.

Transfer dönəmində ən çox pul xərcləyən 10 klubun siyahısında yer alanlardan 6-sı İngiltərə təmsilçisidir.

Vircil van Diykin transferi üçün “Sauthempton”a 85 milyon avro ödəyən “Liverpul” hollandiyalını futbol tarixinin ən bahalı müdafiəçisi elan etdi. Halbuki Diyk 2015-ci ildə “Sauthempton”a “Seltik”dən 16 milyon avroya transfer olunmuşdu.

“Mançester Siti” isə qış transferi üçün 72 milyon avroluq büdcə ayırıb. Aymerik Laporte üçün “Atletik Bilbao”ya 65 milyon avro ödəməyi gözə alan “şəhərlilər”, Cek Harisson üçün də “Nyu-York Siti”yə 4 milyon avro ödədi. Müqavilə imzalandıqdan sonra ingilis yarımmüdafiəçi “Midlsbro”ya icarəyə göndərildi. Bundan başqa “Mançester Siti” rəhbərliyi Hollandiyanın “Zvolle” klubuna Filipp Sandlerə görə 2,5 milyon avro ödədi. Maraqlıdır ki, 20 yaşlı futbolçu icarə əsasında “Zvolle”də çıxış edəcək. Bunu gələcəyə hesablanmış transfer də adlandırmaq olar.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” isə sabiq hücumçusu Dieqo Kostanı yenidən heyətinə qatdı. Madrid təmsilçisi bunun üçün “Çelsi”yə 66 milyon avro ödədi.

London “Arsenal”ı isə Pyer Emerik Obameyanq üçün Dortmund “Borussiya”sına 65 milyon avro təqdim etdi. Bundan başqa, Aleksis Sançesi “Mançester Yunayted”ə satan Arsen Vengerin komandası əvəzində “qırmızı şeytanlar”dan həm 20 milyon funt-sterlinq, həm də Henrik Mxitaryanı aldı. Konstantinos Mavropanos üçün isə Yunanıstan “Yanina”sına 2 milyon ödənildi.

Son İngiltərə çempionu “Çelsi” “Roma”dan Emerson, “Everton”dan Ross Barkley, “Arsenal”dan Olivier Jiru üçün ümumilikdə 54 milyon avro xərclədi.

İngiltərə Premyer Liqasında istədiyi nəticələri qazana bilməyən “Everton” Teo Uolkott üçün “Arsenal”a 28 milyon, Cenk Tosun üçün isə “Beşiktaş”a 27 milyon avro ödədi. Bundan əlavə, “Mançester Siti”dən Manqala icarə əsasında heyətə qatıldı.

Bir müddət əvvəl fantastik məbləğlər ödəməklə gündəmə gələn Çin klubları bu dəfə səssiz qaldılar. Sadəcə, “Beijinq Quoan” Sedrik Bakambu üçün “Vilyareal”a 40 milyon avro ödədi.

“Atletik Bilbao” “Real Sosedad”ın ispaniyalı müdafiəçisi üçün 32 milyon avronu gözə aldı.

“Tottenhem” isə PSJ-də forma şansı qazanmayan 25 yaşlı braziliyalı Moura üçün 29 milyon avrosundan keçdi.

Emin Səfərov

COP29