Qisası alınan Daşaltı əməliyyatından 32 il ötür

Əsgəran rayonunun Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 32 il ötür.

Yenicag.az xəbər verir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.

Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək öldürülüb.

Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa, onlarla əsgər hələ də itkin düşmüş sayılır.

Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.

Bununla da 28 ildən sonra “Daşaltı əməliyyatı”nın qisası alınıb.

Prezident İlham Əliyev 2021-ci ilin martın 16-da Daşaltı kəndində olub. Dövlət başçısı bildirib ki, məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar. Prezident İlham Əliyev elə həmin günü kəndin bərpası ilə bağlı tapşırıqlarını verib.

2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini qoyublar.

COP29