Rusiyanın “Rostov” klubunun futbolçusu Ayaz Quliyev maraqlı müsahibəsi ilə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, əslən azərbaycanlı olan yarımmüdafiəçi klub saytına verdiyi müsahibədə maraqlı məqamlardan söz açıb.
O, əvvəlcə atasından, onlar üçün doğma olan Lənkəran şəhərindən danışıb:
“Əslim Azərbaycanın Lənkəran şəhərindən, o cümlədən Masallı rayonundakı Boradigah qəsəbəsindən gəlir. Atam hərbi xidmətdən sonra, iyirmi yaşında Moskvaya köçüb və anamla tanış olub. Mən Azərbaycanda olanda uşaq idim. Atamla tətillərim üstü-üstə düşmədiyindən ora az-az gedə bilmişəm. Amma Moskvaya bizə qonaq gələn qohumlarımız var. Bir ara pis maliyyələşməyən “Xəzər Lənkəran” adlı klub vardı. Bu bölgədə futbolu çox sevirlər. Bütün qohumlarım matçlarıma baxır və mənə azarkeşlik edir”.
Azərbaycan millisinə də namizəd olan gənc futbolçu şəxsi həyatından da söz açıb. O, qışda evlənəcəyini bildirib:
“Səudiyyə Ərəbistanına getmək, hər bir müsəlman üçün vacib olan Məkkədə olmaq istəyirəm. Evləndikdən dərhal sonra arvadımla oraya getməyi planlaşdırıram. Bu qış evlənməyi düşünürəm”.
O, jurnalistin “gəlini qaçırmısan” sualına maraqlı cavabı ilə yadda qalıb: “Qız qaçırmaq dinlə qadağandır. Toyadək gəlinə toxunmaq olmaz. İstəyirəm ki, hər şey İslam qaydalarına uyğun olsun”.