Azərbaycanın 10 yaşlı nüfuzlu mükafatı “Qız Qalası” Milli Mükafatının bu ilki qalibi bəlli olub.
Türk Dünyası üçün müstəsna xidmətləri olan şəxsiyyətlərə verilən mükafatın bu ilki qalibi Ali Məsləhət Şurası tərəfindən elan edilib.
Şura Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında müstəsna xidmətlərinə, Azərbaycanın haqq səsinin qardaş ölkədə misilsiz təbliğatına, erməni yalanına qarşı elmi mübarizə apardığına, Türkiyədə təhsilin inkişafında göstərdiyi xidmətlərə görə, Giresun Universitetinin rektoru Aygün Attarı “Qız Qalası” Milli Mükafatına layiq görüb.
Qeyd edək ki, 24 dekabr 2006-cı ildə İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzinin birgə Təşkilat Komitəsi tərəfindən təsis edilən, 2010-cu ildə Avrasiya Gazeteçilər Dərnəyinin Qafqaz Təmsilçiliyinin və “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyinin də qoşulduğu və Ali Məsləhət Şurası tərəfindən verilən mükafatın təsis tarixinin gününün seçilməsinə səbəb həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının anadan olmasının 45 illiyinin keçirilməsi olub.
Azərbaycan Prezidentinin şərəfinə təsis edilən “Qız Qalası” Milli Mükafatının ilk nominantı da Azərbaycan Prezidenti İlham Əliyev cənabları olub.
Təşkilat bu günə kimi DÖVLƏT ADAMI nominasıyası üzrə Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafa görə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarını və Quzey Kipr Türk Cümhuriyyətinin Qurucu Cümhurbaşqanı, cənab Rauf Denktaşı “Qız Qalası” Milli Mükafatı ilə təltif edib.
“Qız Qalası” Milli Mükafatı təsis olandan bu günə kimi təsisçilər, İsveçdən Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri və Almaniyadan Güney Bavyera Türk Dernekleri Koordinasyon Kurulu Başqanı Mahir Zeytinoğlunu bu mükafata layiq görüb.
Ali Məsləhət Şurası may ayında Giresun Universitetinin rektoru Aygün Attara mükafatını təqdim etməyi planlaşdırır.
Aygün Attar kimdir?
Aygün Attar 1965-ci ildə anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1994-cü ildə dosent, 2003-cü ildə professor olmuşdur. Professor Aygün Attar müxtəlif elmi vəzifələrdən sonra 2007-ci ildən Giresun Universitetində rektor müavini vəzifəsini icra edib. 2012-ci ildə Giresun Universitetinin rektoru vəzifəsinə təsdiq olunub. 2016-cı ilin mart ayında keçirilən rektorluq seçimlərində Türkiyə üzrə rekord səs toplayıb və hazırda Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yenidən rektorluğa təsdiqini gözləyir.
Yenicag.az