Qızı həlak olan polkovnik atasından yazdı: “Nəvən dil açıb “Azərbaycan” deyir”

Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan polkovnik-leytenant Rahim Əliyevin qızı Leyla Abdullayeva atasından yazıb.

Yenicag.az xəbər verir ki, qızı Aprel döyüşləri zamanı Lələtəpənin işğaldan azad olunması əməliyyatında iştirak etmiş atası barədə xatirələrini bölüşüb:

“Atam Rahim Əliyev həyatımda Allahın mənə, bizə bəxş etdiyi ən gözəl pay idi. Bu səmimi, gözəl qəlbli və vətənpərvər insan, fəxr edirəm ki, mənim atamdır. Vətənini canından çox sevirdi. O, həyat yoldaşına demişdi ki, müharibə başlasa, birinci özü gedəcək. Həyat yoldaşı soruşanda “Rahim axı, ailəni qoyub gedəcəksən?” O isə cavabında, “Bəli, qoyub gedəcəm, çünki vaxt gələcək mənim övladlarım məni başa düşəcək” deyirdi. Ailəsini, nəvələrini çox sevirdi. 2 yaşlı oğlum Murad dili açılandan təzəlikcə “Azərbaycan” sözünü deməyi öyrənib. Elə hey istəyirdim ataya zəng edib xəbər verim ki, “ata, nəvən “Azərbaycan” deyir. Bilirdim ki, o, bunu eşidib çox sevinəcək. Amma çatdırıb deyə bilmədim.

Atam, canını vətən uğrunda fəda edən, uğrunda canını verəcəyini bilən zabit idi. İyul ayı idi. Bizə “Youtube”da Aprel döyüşündə şəhid olan əsgərlərimizi göstərib, onların haqqında gözləri dolaraq danışardı. Atamın gözləri elə dolmuşdu ki, onu heç belə görməmişdim. Deyirdi, biz torpaqlarımızı qaytardıq, amma biz yenə oğullarımızı itirdik. Atamla bərabər mən də çox pis olmuşdum. Deyirdi, qızım, şəhid olmaq hər adama qismət olmur. Əsgərlərimiz ölümü gözə alaraq irəli gediblər. Onlarla fəxr edirəm.

Canım atam, indi mən də səninlə fəxr edirəm. Mən gözümü açanda özümü tanıyandan sən o formadasan. Sənə, sənin o qüruruna, mərdliyinə bu forma çox yararşırdı. Məkanın cənnət, ruhun şad olsun. Ata! Biz hamımız başmızı dik tutaraq səninlə fəxr edirik. Sən demə, təkcə ailən deyil, səni hamı sevirmiş. İndi sən tək bizə aid deyilsən, bir ovuz torpağından ötrü özünü vətəmnin azadlığı yolunda qurban verən bir şəhid olaraq, bütöv bir Azərbaycanın övladısan. Sən həmişə bizim ürəyimizdə əbədi olaraq yaşayacaqsan!”

Qeyd edək ki, Rahim Əliyev Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 19 aprel 2016-cı il sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

COP29