Qızıl kəskin BAHALAŞDI: Qiymətlər ƏL YANDIRIR – SİYAHI

Dünya bazarında qızılın bir unsiyasının qiyməti 2.900 ABŞ dollarını keçərək, tarixi maksimumu yeniləyib. Bahalaşma Azərbaycanda da qızıl bazarına təsirsiz ötüşməyib.

“Yeni Çağ”ın araşdırmasına görə, qiymətli metal satışında əyarından asılı olaraq, 15-20 manatadək bahalaşma müşahidə olunub.

Paytaxtın qızıl satışı ilə məşğul olan Moskva univermağındakı satıcılar 585 əyarlı türk qızılının qramının bir həftə öncə 110-115, 760 əyarlı İtaliya qızılının 130-150 manata satıldığını, son günlər isə qiymətlərdə 15-20 manat artım olduğunu bildirdilər:

“Türk qızılını hazırda 125-130 manata, italyan qızılını isə 140-160 manata satırıq. Qiymətlər modellərə görə də dəyişir”.

Qızılın lom qiymətlərində də artım var. Bir həftə öncə 583-585 əyarlı qızılı 83, 760 əyarlı İtaliya qızılı 105 manata təklif olunurdusa, hazırda türk və rus qızılının lom qiyməti 86.5, İtaliya qızılının qiyməti isə 110.80 manatdır.

Satıcılar qiymət artımının yenə davam edəcəyini proqnozlaşdırır.

Cəvahir