“Qızılağac”da qanunsuz quş ovlayan şəxslərə qarşı əməliyyat keçirildi – VİDEO

Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə tədbirlər davam etdirilir.

Yenicag.az xəbər verir ki, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və onun qohumu İmamverdi Orucov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərindəki bağlamalara baxış zamanı ümumilikdə 66 ədəd qanunsuz olaraq ovladıqları müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin ümumiyyətlə ovçuluq etmək üçün sənədləri yoxdur və onların ovladıqları quşların bəzilərinin adı “Qırmızı kitab”a düşən növlərdəndir.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi ovçuluq və balıqçılıqla məşğul olmaq istəyən şəxslərin diqqətinə bir daha çatdırır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən qaydalar çərçivəsində bu fəaliyyətlə məşğul ola bilərlər. Balıqçılar hansı növə aid balıqların tutulmasının qadağan olduğunu, ov etmək istəyən şəxslər isə vurulması qadağan edilən adı “Qırmızı kitab”a düşən quşlar barədə məlumatları Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər.

Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz olaraq ov alətlərindən istifadə edən, adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllərində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcəkdir.