Qızılbaş papağı kimə qismət olacaq? – FOTOLAR

AYB Natəvən Klubunda Şah İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” və “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”ndan bəhs edən kitabın təqdimat mərasimi keçirilib.

Yeniçag.az xəbər verir ki, təqdimat mərasimində AYB-in katibi, xalq yazıçısı Çingiz Abdullayev kitabla bağlı fikirlərini bölüşüb:

“Şah İsmayıl Xətai həm şair, həm də şah kimi adını tarixə yazıb.
Uşaqlar üçün nəzərdə tutulmuş bu kitabın əhəmiyyəti böyükdür. İllər sonra gələcək nəsil tarixi şəxsiyyət olan Şah ismayılı unutmayacaq”.

Qeyd edək ki, “Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” hekayəsinin müəllifi Şəmil Sadiq, rəssamı isə Vasif Səftərovdur.

Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığından və sərkərdəliyindən bəhs olunur. Maraqlısı budur ki, bütün bunlar şahın öz dilindən nəql olunur.

“Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”na həsr olunmuş kitab Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb. Hər iki əsər Hədəf Nəşrlərinin sponsorluğu ilə ərsəyə gəlib.

Tədbirdə həmçinin Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi məqsədilə “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin şərtləri də elan edilib.

Şah İsmayıl Komissiyasının sədri müsabiqə layihəsinin rəhbəri Ş. Sadiq Şah İsmayıl günlərinin keçirilməsinin də nəzərdə tutulduğunu qeyd edib:

“Müsabiqənin mükafatlandırılması günü Şah ismayıl günlərinin keçirilməsini nəzərdə tutmuşuq. Məqsəd vahid Azərbaycan imperiyasının qurucusu olan Şah İsmayılın düzgün təbliğ olunması, İran, Türkiyə, və Azərbaycan əlaqələrində önəm daşıması və unudulmaz şəxsiyyət olmasını sübut etməkdir.
“Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin qaliblərinə qızılbaş papağı hədiyyə olunacaq. Biz istəyirik ki, bunu milli simvol kimi təqdim edək”.

Cəvahir Səlimqızı
Foto: Cəmalə Əlizadə

Yenicag.az

COP29