Qızılcanın ilkin əlamətləri NƏLƏRDİR? – Necə müalicə olunmaq lazımdır?

“Qızılca virusu bütün bədəndə əsasən səpgilərlə müşahidə olunan, respirator simptomlarla keçən yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət və halsızlıqla özünü göstərən qızılca, infeksiyaya yoluxan xəstələrin öskürməsi, asqırması və danışması əsnasında hava-damcı yolu ilə yayılır”.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Günay Əliyeva bildirib.

G.Əliyeva qeyd edib ki, qızılca əlamətləri virusa yoluxduqdan sonra 8-12 gün arası meydana çıxır. Xəstəlik ictimai yerlərdə, hətta yoluxmuş insanla təmasda olmadığı təqdirdə də ötürülə bilər. Bu virus xüsusilə qış və yaz aylarında müşahidə olunur. Yoluxma bütün yaşlarda baş verə bilər. Bununla belə, 1-8 yaş ən həssas qrup hesab edilir.

Həkim qızılcanın əsas kliniki əlamətləri də açıqlayıb: “Burun axıntısı, yüksək hərarət, halsızlıq, konyuktivit, quru öskürək, boğaz ağrısı, ağız içində kiçik ölçüdə ağ ləkələr (“Belski-Filatov-Koplik ləkələri”) və bütün bədəndə səpgilər şəklində özünü göstərir.

Xəstəliyin orta inkubasion dövrü 10-14 gündür. Bununla belə, 7-23 gün arası dəyişə bilər. Xəstə ilə təmasdan qızdırmanın başladığı günə qədər olan dövrü əhatə edir. 2-4 günlük prodromal dövr (xəstəliyin inkubasiya dövrü ilə xəstəlik arasında baş verən dövrü) qızdırma, səpgilər, kataral əlamətlər, öskürək, konyuktivit əlamətləri, “Belski-Filatov-Koplik ləkələri” ilə təzahür edir.

Prodromal əlamətlərin başlanmasından 2-4 gün sonra mərhələli eritematoz makulopapulyar səpgilər əmələ gəlməyə başlayır. Səpgilər əvvəlcə üz nahiyyəsində əmələ gəlir, daha sonra isə mərhələli şəkildə gövdədə aşağı ətraflara yayılır. 4-7 gün müddətində davam edən səpgilər itdikdən sonra müvafiq nahiyyələrdə qabıqlanma müşahidə edilir”.

“Kiçik yaşlı uşaqlar arasında qızılca ilə yoluxma daha çox peyvənd olunmayanlarda müşahidə olunur. Bu zaman onlarda pnevmoniya, otit, ensefalit, larinqotraxeobranxit, ishal və stomatit kimi ağırlaşmalar müşahidə oluna bilər. Əgər uşaqlarda qızılcanın ağır halları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır.

Qızılcanın xüsusi müalicəsi yoxdur, sadəcə immuniteti gücləndirən müalicə aparılır. Əgər sağlam insan qızılca xəstəsi ilə təmasda olubsa, o zaman ona 72 saat ərzində peyvənd vurulması tövsiyə olunur.

Bu xəstəlikdən qorunmağın ən effektiv yolu peyvəndlənmədi. Qeyd edim ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir”, – nazirlik rəsmisi qeyd edib.

COP29