“Qızılca vaksinlə idarə edilən xəstəlik olduğu üçün əhalinin 90-95 faizinin peyvəndlənmə prosesində iştirakı zəruridir”.
Bu fikirləri ölkənin Səhiyyə Nazirliyi tərəfindən vətəndaşların qızılca infeksiyasına qarşı peyvənd olunmağa yönəlik çağırışı haqda danışan adıçəkilən qurumun mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qızılca xəstəliyinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır:
“Səhiyyə Nazirliyi tərəfindən yenidən qızılca əleyhinə peyvəndlənməyə çağırış edilməsi vəziyyətin heç də kritik olduğunu göstərmir. Bu çağırış yoluxmanın qarşısının alınması ilə əlaqədar atılmış addımdır. Qızılcanın qarşısının alınmasında başqa tədbirlər effektiv sayılmadığı üçün ən əhəmiyyətli yol peyvəndlənmədir.
Qızılca vaksinlə idarə olunan xəstəlik olduğu üçün əhalinin 90-95 faizi peyvəndlənmədə iştirak etməlidir. Yəni əhalinin böyük hissəsi vaksinasiya sayəsində bu xəstəlikdən qorunmalıdır.
Bu təcrübədən bütün dünyada istifadə olunur. Qış ayları olduğu üçün qızılcaya və digər infeksion xəstəliklərə yoluxmada artım müşahidə olunur. Hazırda proses nəzarət altında olduğu üçün bununla bağlı vəziyyətin kritik olduğunu söyləməyə əsas yoxdur. Biz yaz aylarında yoluxma hallarının azaldığını müşahidə edəcəyik”.
İsmayıl Bakuvi