Qızılgül Abdullayeva – 70: Elm karvanının ustad yolçusu

Bakı Dövlət Universiteti Türkologiya kafedrasının öndə gedən isimlərindən olan Qızılgül xanım Abdullayeva Azərbaycan dilçilik elminin inkişafında öz dəsti-xətti ilə seçilən əsl alim, şərəfli ömür yolu keçən müəllim və ciddi ziyalıdır. 70 ilin zirvəsinə yüksələn alim ömrünün təxminən əlli ilini Azərbaycan dilçilik elminə və pedaqoji fəaliyyətə həsr etmişdir. Qızılgül xanım sözün əsl mənasında yaxşı alim olmaqla yanaşı, həm də yaxşı pedaqoqdur. Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə dərin bilgisini tələbədən əsirgəməyən, tələbələrinə xüsusi qayğı ilə yanaşan, zəhmindən çəkindiyimiz qədər, həm də böyük hörmət bəslədiyimiz Qızılgül xanımın dərslərini həmişə səbirsizliklə gözləyər, onun mühazirələrini xüsusi zövq və diqqətlə dinləyərdik.

Qızılgül Abdullayevanın elmi yaradıcılığı çoxşaxəlidir. Qədim türk yazılı abidələrinin dili, türk dillərinin tarixi,  müasir türkoloji dilçilik məsələləri dəyərli alimin yaradıcılığında geniş yer tutur. Elmi yaradıcılığının ana xəttini dil tarixi istiqaməti təşkil edir. Bu istiqamətdə  yüzlərlə elmi məqalənin,  neçə-neçə metodik göstəriş və metodik vəsaitlərin, tədris proqramlarının müəllifi olan alim “Dilin şeir rəngi” (2005), “XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” (2019), “XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi”(2019) adlı monoqrafiyalarının,  “Kül tiqin abidəsi” (2007) dərs vəsaitinin  müəllifidir.  Qızılgül xanım həmçinin ön sözlə birlikdə  30 ç.v.həcmində bir kitabın tərtibçisidir.

Alimin uzun illərin elmi araşdırmalarının nəticəsi olan 2019-cu ildə nəşr olunmuş «XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi» və «XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi» adlı iki monoqrafiyası  Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilən əsərlər içərisində ilin mühüm elmi nəticəsi kimi dəyərləndirilmişdir. XVII əsr Azərbaycan ədəbi dilinin normalarının tədqiqinə həsr olunmuş  bu əsərlər dil tarixi ilə bağlı yazılmış ən sanballı elmi araşdırmalar sırasındadır. Elmi redaktoru mərhum akademik Tofiq Hacıyev olan bu monoqrafiyalar yüksək səviyyəli elmi dildə yazılmışdır. Bu monoqrafiyalarda XVII əsr Azərbaycan ədəbi dilinin inkişaf istiqamətləri müəyyənləşdirilmiş, XVII əsr dildaxili yeni  proseslər − diferensasiya, sabitləşmə, demokratikləşmə, xəlqiləşmənin yenidən təşkili  proseslərinin başlanğıc mərhələsi  kimi təqdim edilmişdir.  Monoqrafiyalarda ədəbi dil normalarının tarixi təkamülü izlənilmiş, əhatəli və sistemli şəkildə tədqiq edilmiş və elm aləminə təqdim edilmişdir. Klassik-kitab dili ilə folklor-danışıq dilinin vəhdəti fonunda inkişaf edən XVII əsr Azərbaycan ədəbi dilində aparıcı dil anlayışı məsələsi üzərində daha çox dayanılmış, ilk dəfə olaraq tarixi kateqoriya mahiyyəti daşıyan normanın dəyşkənliyinin üslub deyil, məhz aparıcı dillə bağlılığı məsələsi irəli sürülmüşdür. Fikrimizcə, bu, reallığa söykənən əsas faktordur. Çünki üslubda gedən dəyişkənliyin özünün əsasını elə hansı mənşədənsə  olan aparıcı dil müəyyən edir.  Daha konkret ifadə edək, aparıcı dil əcnəbidirsə, üslub müəyyənliyi əcnəbi dil elementləri, yox, millidirsə, milli elementlərlə əhatələnir. Deməli,  hər hansı bir üslub dəyişkənliyə uğrama baxımından aparıcı dil anlayışından asılıdır.

«XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi» adlı monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik normasında gedən demokratikləşmə və xəlqiləşmə prosesləri izlənilir. Monoqrafiya 3 hissədən ibarətdir. Monoqrafiyanın “Fonetik norma tarixi təkamül prosesində” adlanan ilk fəslində XVII əsr Azərbaycan ədəbi dilinin vokal və konsonant sistemi, onların tarixi təzahürü, sinharmonizm və onun əsas xüsusiyyətləri izlənilir. Burada da ilklərlə qarşılaşırıq. Belə ki, müəllif ahəng  qanununa, xüsusilə dodaq ahənginə yeni rakusdan baxmış, saitlərin ahəngi, samitlərin ahəngi, saitlərlə samitlərin ahəngi geniş şərh olunmuşdur. Əsərdə zəngin dil faktları əsasında türk mənşəli leksik vahidlərin yazılışında spesifik ərəb qrafemlərinin iştirakı məsələsinə də toxunulmuş və bunun bəzən semantik dəyişkənliklə bağlı olduğu diqqətə çatdırılmışdır. Uzun saitlər də unudulmamış, onun bütün növləri tədqiqata cəlb olunmuş, ilkin uzanma məsələsinə dönüş edilmiş, uzun saitli sözlərdə fonematik məna dəyişkənliyi ədəbi-bədii dil nümunələri əsasında izah edilmişdir. XVII əsr Azərbaycan ədəbi dilində aparıcılıq və istisnalıq təşkil edən fonetik hadisələr də araşdırma əsasında öz izahını tapmışdır. Bir sözlə, müəllif saysız-hesabsız ədəbi-bədii dil materialları əsasında XVII əsr Azərbaycan ədəbi dilinin tarixi fonetikasının mükəmməl mənzərəsini  yaratmışdır.

Monoqrafiyanın “Leksik norma tarixi təkamül prosesində” adlı fəslində ərəb və fars mənşəli  sözlərin leksik-semantik xüsusiyyətləri, arxaikləşmiş sözlər və onların sonrakı taleyi, omonim, antonimlərin tarixi mənzərəsi, xüsusən sinonimlərdə arxetip məsələsi, milli dilin leksik-frazeoloji sistemi, həmçinin məişət və dialekt leksikası izlənilmiş və çox doğru olaraq bunların hər birinin mərkəzində canlı danışıq dilinə meylin aparıcılığı  müəyyənləşdirilərək ortaya qoyulmuşdur. Araşdırma və sonuc həm faktoloji, həm də müəllifin güclü elmi-nəzəri bazası üzərində qurulmuşdur. Bir tərəfdən alınma sözlərdə belə qeyri-ümumişləklikdən ümumişləkliyə doğru istiqamət, digər tərəfdən ümumxalq dilindən gələn frazem potensialında qeydə alınan  artım, eyni zamanda canlı danışıq faktlarının dilə bol-bol axını müəllifə XVII əsr Azərbaycan ədəbi dilinin canlı danışıq dilinə doğru start götürməsini müəyyənləşdirmyə imkan yaratmışdır. Qeyri-ümumişlək ərəbizm və farsizmlərin, həmçinin türkizmlərin sistemli şəkildə arxaikləşməsinin də məhz XVI əsrin sonları, XVII əsrin əvvəllərindən başladığını da müəllif üzə çıxarmağı bacarmışdır. Arxaikləşməsinə baxmayaraq,  müəllif bu sözlərin çox qisminin bu gün leksemlərin kök morfemlərində, mürəkkəb sözlərin komponentlərində, canlı danışıq dilində, dialekt və şivələrdə hələ də var olduğunu və gizlin şəkildə olsa da, tarixi izini hələ də bəlli etdiyini  təsbit etməyə nail olmuşdur.

Qızılgül xanım Abdullayeva bu monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin derivitoloji sisteminə diqqət yönəltmiş, adlarda və feillərdə söz yaradıcılığının morfoloji və sintaktik üsullarla yaradılışını izləmiş, şəkilçi morfemləri milli və əcnəbi tərkibinə, fəallıq və qeyri-fəallığına görə qruplaşdırmışdır. Alim bu zaman kəsiyində dilimizdə gedən söz yaradıcılığı prosesini  əvvəliki tarixi dönəmlərlə əlaqəli şəkildə izləməklə yanaşı, həm də XVII əsr təmsilçilərinin okkozional leksikaya verdiyi töhvəni təqdim etmiş, amma dövrün söz ustadlarının fərdi sözyaratma qabiliyyətindən söhbət açmağı da unutmamışdır. Monoqrafiyanın hər bir bölümündə  demokratikləşmənin aparıcılığı müəlif tərəfindən dəlillərə söykənilərək üzə çıxarılmışdır.

Q.Abdullayevanın «XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi» adlı ikinci monoqrafiyasında XVII əsr Azərbaycan ədəbi dilinin morfoloji və sintaktik normaları elmi araşdırmaya cəlb edilmişdir. Qrammatik kateqoriyalar (adlar və feillər), köməkçi nitq  hissələri tarixi təkamül prosesində izlənilmişdir. Ən qabarıq cəhət olaraq oğuz və cağatay elemetləri paralelliyi müəyyənləşdirilmiş, hətta onların növbələşdiyi də faktlara söykənərək sübut olaraq təqdim edilmişdir. Amma ədəbi dil faktı olaraq oğuz elementlərinin aparıcılığı və onların cağatay elementlərini üstələməsi və nəticə olaraq normativləşməsi müəyyənləşdirilərək ortaya qoyulmuşdur.

Morfoloji normada da müəllifin ilkləri, yəni yeni tapıntıları ilə qarşılaşırıq. Xüsusən birinci şəxz cəmdə miz variantının varlığının təqdimi;  şəxs əvəzlikləri, eləcə də işarə əvəzliklərində on variantının müəllif tərəfindən üzə çıxarılması və bununla  onlar əvəzliyinin kök morfeminə bir işıq salınması dilçilik aləminə  elmi yenilik kimi daxil olur. Onu da qeyd edək ki, hər şey fakt əsasında təqdim olunduğundan bu məsələdə ehtimala belə yer qalmır.

Monoqrafiyanın “Ədəbi dilin sintaktik normasının tarixi təzahürü” adlanan hissəsində XVII əsr Azərbaycan ədəbi dilində söz birləşmələri, sadə və mürəkkəb cümlələr əhatəli şəkildə şərh olunur. Alim XVII əsr Azərbaycan ədəbi dilinin sintaktik sistemində yer alan söz birləşmələrinin ənənəviliklə novatorluğun vəhdəti fonunda inkişaf etdiyini, əcnəbi qəlib olan izafət tərkiblərində demokratikləşmə prosesinin çox güclü getdiyini, belə ki, onların xeyli qismində komponent baxımından sadələşmənin qeydə alındığını, nəticə olaraq, onların anlaşma dərəcəsinin yüksəldiyini tədqiqatın mərkəzinə gətirir. İzafət tərkiblərində qrammatik və leksik çevrilmələr  sayəsində milli qəlibin əruz dilinə sirayətini və ahatə qazanmasını önə çıxarır. Müqayisəyə arxalanaraq həm sadə, həm də mürəkkəb cümlələrin bütün tipajlarının bu zaman kəsiyində varlığından söhbət açır, predikativ əlamətsiz mürəkkəb cümlələrin isə artıq son dövrünü yaşadığını diqqətə çatdırır. Nəticə olaraq öz təhlilləri ilə inteqrallıq və diferensiallığın üzə çıxmasına meydan verir.

Hər iki monoqrafiyanın elmi cəhətdən mükəmməlliyini təsdiq edən əsas aparıcı fakt bu əsərlərdə tədqiqatın tarixi-müqayisəli metodla kökləndiyi ilə bağlıdır. Qədim türk yazılı abidələri, orta əsr yazlılı abidələri, dilimizin  XVII əsrdən əvvəlki tarixi inkişaf mərhələlərini təmsil edən klassiklərin dili, müxtəlif türk dilləri, dialekt və şivələr bu müqayisələrin mərkəzində dayanır. Təbii ki, elə bütün bunlar da real elmi nəticənin meydana çıxmasını şərtləndirir. Bu isə alimin, mübaliğəsiz, yüsək elmi hazırlığından və dilçilik elminin dərinliklərinə bələdliliyindən irəli gəlir.

İşin ən böyük elmi yeniliyi odur ki, XVII əsr Azərbaycan ədəbi dilinin fonetik, leksik və qrammatik normaları ilk dəfə məhz bu əsərlərdə  sistemli, əhatəli  və tam şəkildə tədqiqata cəlb olunmuşdır. Haqqında söhbət açdığımız bu monoqrafiyaların ilklərindən biri də budur ki, bu monoqrafiyalarda  Fədai, Qövsi Təbrizi, Saib Təbrizi, Məsihi, Məhəmməd Əmani kimi dövrünün məşhur şairləri ilə yanaşı, ilk dəfə olaraq Nəşə Təbrizi, Sadiq bəy Əfşar, Rəhməti Paşa, Tərzi Əfşar, Zəfər, Mirzə Saleh Təbrizi, Məczub, Vəhid Qəzvini, Şah Abbas Kəbir, Şah Abbas Sani, Müsahib Gəncəvi, Səfi, Məlik bəy Avçı, Vaiz Qəzvini, Murtuzaqulu Sultan Şamlu  kimi klassik söz ustadlarının da ədəbi-bədii dil nümunələrindən yan keçilməmiş, onlar müəllif tərəfindən araşdırmaya cəlb olunmuşdur. Araşdırma zamanı hər iki əsərin ana xətti müəyyənləşdirilmiş, XVII əsr Azərbaycan ədəbi dilinin ənənə ilə novatorluğun vəhdəti fonunda inkişaf etdiyi, amma folklor-danışıq dilinin aparıcılığa doğru istiqamətləndiyi  və XVII əsrin  diferensasiya, sabitləşmə, demokratikləşmə, xəlqiləşmənin yenidən təşkili kimi proseslərin başlanğıc mərhələsi kimi Azərbaycan ədəbi dili tarixinə daxil olduğu elmi əsaslarla təsbit edilmişdir.

Qızılgül xanım “XVII əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. O bu gün də gənclik şövqü ilə yazır, yaradır. İnanırıq ki, yaxın gələcəkdə neçə dərslik və dərs vəsaitlərinin altında Qızılgül xanımın imzası ilə qarşılaşacağıq. Onun elmi yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti mükafatlardan da yan keçmir. Əməyinin bəhrəsini görür və görməkdədir. O, 2018-ci ildə «Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə», 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) münasibəti ilə Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. 2020-ci ildə “İlin alimi” müsabiqəsinin qalibi olaraq  “İlin alimi” adını almışdır.   2021-ci ildə  «Qızıl qələm» mükafatına,  2022-ci ildə isə  «Həsən bəy Zərdabi» mükafatına layiq görülmüşdür. O, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan-Özbəkistan Dostluq cəmiyyəti idarə heyətinin üzvüdür.

Bu məqalə Qızılgül xanım Abdullayevanın 70 illik yubileyinə kiçik bir töhfəmizdir. Yüksək elmi hazırlığı, nümunəvi xarici görünüşü, ciddi görünümünün altındakı səmimi və qayğıkeş münasibəti, dəyərli məsləhətləri ilə sonsuz sevgimizi qazanmış gözəl insan, gənclərə doğru yol göstərən təmənnasız müəllim, görkəmli alim Qızılgül xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,  ona möhkəm can sağlığı, uzun ömür, pedaqoji fəaliyyətində, savadlı kadrların yetişdirilməsində və Azərbaycan dilçilik elminin inkişafı yolunda yeni yaradıcılıq uğurları arzu edirik! Yubileyiniz mübarək, bizə doğmadan doğma olan sevimli müəllimimiz!

GÜLNARƏ  ƏLİYEVA-KOŞKUN

Bakı Slavyan Universitetinin dosenti, 

filologiya üzrə fəlsəfə doktoru