Son zamanlar qızılın qiymətində artım müşahidə edilir. Belə ki, “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi – red.) 2024-cü ilin dekabrında tədarük üçün qızıl fyuçerslərinin qiyməti öz tarixinin ən yüksək həddini yeniləyib. Məlumata görə, qızılın bir troy unsiyası 2708.7 dollardan yuxarı satılımaqdadır.
Maraqlıdır, bu bahalaşmanın səbəbləri nələrdir? Sözügedən proses nə vaxta kimi davam edəcək?
Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, investorların daha çox qızıl almağa yönəlməsi nəticədə qızıla olan tələbatı artırır.
Onun sözlərinə görə, son dönəmlərdə qızılın qiymətinin artması ilə bağlı bir müddət öncədən də fikirlər səslənirdi:
“Ona görə ki, dünyada edilmiş bir tendensiya var və bu investorların davranışlarında öz təzahürünü edir. Belə ki, dünya iqtisadiyyatında təlatümlər yaşandıqca, böhran təhdidləri, qorxuları olduqca, investorlar daha ehtiyatlı davranırlar və investisiya yatırımlarında riskləri minimuma salmaq istəyirlər”.
İqtisadçı əlavə edib ki, investisiya yatırımlarında riski ən aşağı olan investisiya yatırımları qızıla edilmiş yatırımlardır:
“Yəni investorlar daha çox qızıl almağa üstünlük verirlər. Hazırkı vəziyyətdə də belə bir məqam yaranmışdı. İnvestorların daha çox qızıl almağa yönəlməsi nəticədə qızıla olan tələbatı artırır. Tələbatın artması isə qızılın qiymətini artırır və əsas kökdə duran səbəb də budur. Düşünürəm ki, dünyada baş verən bu proseslər səngiməyənə qədər qızılın qiymətində az da olsa, artım dinamikası müşahidə ediləcək”.
İsmayıl Bakuvi