Qlaukoma zamanı yalnız bir yol mümkündür… – Tanınmış oftalmoloqdan açıqlama

 

Göz xəstəlikləri arasında ən çox yayılan xəstəliklərdən biri də qlaukomadır.

El arasında ona “qara su” xəstəliyi də deyilir. Bəs xəstəlik necə yaranır? Çıxış yolu varmı? Mübarizə üçün hansı addımları atmalıyıq? Suallarımızı Universal Hospitalın baş həkimi, tanınmış cərrah-oftalmoloq Aytən Sultanova cavablandırır:

“Qlaukoma gözdaxili təzyiqin daimi və ya periodik olaraq yüksəlməsi nəticəsində görmə itiliyinin azalması, görmə sahəsinin daralması və görmə sinirinin atrofiyasına ( qurumasına) səbəb olan xəstəlikdir.Görmə sahəsi tədricən daraldığı üçün , xəstəliyin ilkin mərhələsində insanlar bunu adətən hiss etmirlər. Davamlı yüksək qalan gözdaxili təzyiq beyinə qədər uzanan görmə sinirinə basqın edərək, hüceyrələrin geridönməz məhvinə gətirib çıxarır. Bununla da müalicədən kənar qalmış pasientlərdə sinirin tam zədələnməsi nəticəsində görmə qabiliyyətinin tam itməsi yəni əfsuslar olsun ki, korluq baş verir.
Lakin qlaukomanın bəzi əlamətləri var: səhər saatlarında tez-tez müşahidə olunan baş ağrıları, arabir bulanıq görmə, axşam saatlarında işiğa baxdıqda görünən halqalar…
Nəsil şəcərəsində qlaukoma diaqnozu qoyulmuş insanlar xüsusən diqqətli olmalı, özü və ailə üzvləri hər il oftalmoloq müayinəsindən keçməlidir. Belə ki, risk faktorları arasında ilkin yerdə genetik meyillik dayanır. Eyni zamanda 40 yaş
üzəri şəxslər, şəkərli diabet, hipertoniya, miqren, hipotireoz, qan azlığı kimi xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin yaranma riski daha yüksəkdir. Bununla yanaşı gənclərdə və yenidoğulmuş uşaqlarda da müxtəlif səbəblərdən qlaukoma xəstəliyi yarana bilər. Müasir oftalmologiya qlaukoma zamanı yalnız bir yol göstərir – vaxtında aşkarlamaq və ixtisaslaşmış mütəxəssis tərəfindən düzgün müalicə… Deyim ki, Universal Hospitalda həyata keçirilən ən müasir diaqnostika və müalicə metodları sayəsində pasientlərin əksəriyyətinin görmə qabiliyyətini qoruyub saxlamaq mümkündür və pasiyentlərimiz də bu sevinci yaşayırlar.
Sonda bunu da qeyd edim ki qlaukoma ( qara su) diaqnozu qoyulan bütün şəxslər kor olacaq deyə bir anlayış yoxdur. Bu durumda başlıca məsələ xəstəliyi nəzarətsiz qoymamaqdır. Artıq uzun illərdir ki, yüzlərlə pasiyentimizi təqib ederək, hər 6 aydan və ya bir ildən bir lazımı müalicə və müdaxilələrimizi edərək, onların görmə qabiliyyətini qoruyub saxlaya bilirik. Bu hal əlbəttə ki, bizi çox sevindirir. İnsanlar bunu yaşam tərzinə çevirib, vaxtında oftalmoloq müayinəsindən keçməlidirlər.