Qlobal Bakı forumu bir brendə çevrilib – Vayra Vike-Freyberqa

Tam əminliklə deyirəm ki, Qlobal Bakı forumlarının açıqlıq və müxtəliflik ruhu artıq özlüyündə bir brendə çevrilib. Bu forumlarda müxtəlif sahələri təmsil edən nümayəndələr qlobal əhəmiyyətli problemləri dostluq və əməkdaşlıq mühitində müzakirə edə bilirlər. Belə bir platformanın məhz Azərbaycanda formalaşması sevindirici haldır.

Yenicag.az xəbər verir ki, bu fikirləri martın 14-də VII Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqa söyləyib.

Forumun əhəmiyyətini xüsusi vurğulayan Vayra Vike-Freyberqa deyib: “Qlobal Bakı Forumuna ildən-ilə daha çox iştirakçılar qoşulur. Ən əsası odur ki, dünyanın hər bir yerindən bu Foruma qatılanlar var. Builki Forumun da iştirakçıları arasında dövlət başçıları, baş nazirlər, beyin mərkəzlərinin, müxtəlif fondların nümayəndələri, diplomatlar, jurnalistlər vardır. Belə geniş format Forumun əhəmiyyətini bir daha sübut edir. Biz Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqini dinlədik. Prezident İlham Əliyev bu nitqində dünyada sülhün və sabitliyin təmin olunması üçün mühüm mesajlar verdi”.

COP29