Qlobal bazarlarda inflyasiya qorxusu: Çalxantı davam edir

2023-cü ilin ortalarında ABŞ-də şəxsi istehlak xərclərinin qiymət indeksində illik artımın indiki 4,8 faiz səviyyəsindən 2 faizə qədər aşağı düşəcəyi gözlənilir.

Yenicag.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu həftə ABŞ-də açıqlanacaq inflyasiya məlumatlarından öncə analitiklər qiymət artımlarının pik həddə çatıb-çatmayacağı ilə bağlı fikir ayrılığına düşüblər.

Hətta “Wall Street” indeksləri və Avropa Birjaları Federal Ehtiyat Sisteminin (FED) qərarı ilə bağlı narahatlığa görə ucuzlaşıb. Belə ki, “S&P” 500 0,16 faiz, “Nasdaq 100” isə 0,78 faiz dəyərdən düşüb. Ötən həftə 18 bənd yüksələn ABŞ-nin 10 illik istiqrazlarının faizi bu gün səhər saatlarında 2,82 faizdən aşağı düşüb.

Ekspertlər hesab edir ki, ABŞ-də bu həftə açıqlanacaq istehsalçı inflyasiyası ilə bağlı hesabat fonunda istehlak qiymətləri indeksində illik 8,7 faiz, istehsalçı qiymətləri indeksində isə 10,4 faiz artım ola bilər. ABŞ-də ərzaq və enerji istisna olmaqla, 2023-cü ilin ortalarında şəxsi istehlak xərclərinin (əsas PCE) qiymət indeksində illik artım indiki 4,8 faiz səviyyəsindən 2 faizədək aşağı düşəcək.

FED qubernatoru Mişel Boumanın sözlərinə görə, son iki iclasda 75 baza bəndinə bənzər əsas faiz artımları inflyasiya “əhəmiyyətli və daimi olaraq” azalana qədər davam etməlidir.

Gülşən