Qlobal dəyişikliklərin Azərbaycanda demoqrafik vəziyyətə TƏSİRİ: “Əhalinin sayının azaldılması ilə bağlı…” – ŞƏRH

Məlumata görə, son 60 ildə dünya əhalisinin demoqrafik strukturunda kəskin dəyişiklik baş verib. Onlardan biri də əhalinin 1000 nəfərinə düşən doğum sayının azalmasıdır.

Bu fonda Azərbaycandakı demoqrafik vəziyyətlə bağlı sosioloq Əhməd Qəşəmoğlu öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, ölkəmizdə demoqrafik göstəricilər hələlik mənfi indekslə qiymətləndirilmir və müsbət artım var:

“1950-69-cu illərdən başlayaraq dünyada əhalinin artması məsələsinə xüsusi diqqət göstərilir. Belə ki, sosial-humanitar məsələlərlə məşğul olan bir sıra beynəlxalq təşkilatlar sonrakı illərdə yer üzərində olan resursların insanlara çatmayacağına dair fəaliyyətə başladılar. Bundan başqa, əhalinin sayının azaldılması ilə bağlı bir sıra işlər görüldü. BMT humanist yollarla əhalinin sayını azaltmağa çalışsa da, bəzi dövlətlər bunu müharibə və xəstəliklər vasitəsilə həyata keçirdi. Bu gün də ölkələrdə əhali tempinin yüksək tempdə olmaması üçün proses davam edir.

1994-cü ildə BMT Qahirədə “Əhali və inkişaf” adlı sammit keçirmişdi. Həmin sammitin ekspertlərindən biri kimi Azərbaycanı təmsil edirdim. Ona görə də bu sahəylə bağlı kifayət qədər dərin tanışlığım var və aparılan siyasət barədə məlumatlıyam. BMT-nin əsas siyasəti ondan ibarətdir ki, hər ölkədə doğulan uşaqlar keyfiyyətli şəkildə böyüsünlər və buna görə də inkişaf etməkdə olan ölkələrdə ciddi maarriflənmə işlərinə ehtiyac var. Bu baxımdan o dövrdə Azərbaycanda da reproduktiv sağlamlıqla bağlı müəyyən tövsiyələr irəli sürüldü.

Statistikaya görə, əhali daha çox savadlandıqca doğumun sayı azalır. Çünki insanlar düşünür ki, 10 uşaq tərbiyə etmək üçün dünyaya gəlməyiblər. Bu baxımdan ailədə iki və ya üç uşağın olması yetərlidir. Bununla yanaşı, qlobal dəyişikliklər insanların iqtisadi və sosial vəziyyətində də müəyyən problemlər yaradıb. Əslində doğum sayının azalmasında iqtisadi faktorlar rol oynasa da, bu, həlledici deyil. Yaxşı olar ki, demoqrafik strukturla bağlı vəziyyətə diqqət daha çox göstərilsin və elmi araşdırmalar aparılsın.

Bu gün ailələrimizdə bir və ya iki uşağa daha çox üstünlük verilir. Bu isə yaxşı hal deyil. Çünki ölkə əhalisinin sayı azalır. Ailədə bir uşaq böyüyəndə zamanla onun psixoloji vəziyyəti dəyişilir və uşaq mühiti olmur. Ən ideal üçuşaqlı ailə modelidir. Çalışmalıyıq ki, sosial siyasətimiz ailələrdə üç uşağın böyüməsinə imkan yaratsın”.

Gülşən Şərif