Qlobal geosiyasi və iqtisadi güc BALANSI: Azərbaycan mövqelərini gücləndirir

Azərbaycanın BRICS-ə üzv olmaq səyləri qlobal geosiyasi və iqtisadi güc balansında baş verən dəyişikliklərin fonunda ölkəmizə təsirləri idarə etməyə və potensial riskləri azaltmağa yönəlib.

BRICS-in artan təsir dairəsi, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlar üçün yeni iqtisadi modellərin və siyasi tərəfdaşlıqların formalaşmasına zəmin yaradır. Azərbaycanın bu quruma inteqrasiyası Qərblə Şərq arasında iqtisadi və siyasi körpü rolunu gücləndirə, eyni zamanda, yeni dünya nizamında regional güclərin artan təsiri qarşısında ölkənin öz maraqlarını qorumasını təmin edər.

Qeyd edək ki, bu proses Azərbaycan üçün yeni bazarlara çıxış, qlobal iqtisadi şəbəkələrlə əlaqələrin dərinləşməsi və iqtisadi risklərdən daha yaxşı sığorta olunma imkanları yaradır. Azərbaycanın BRICS çərçivəsində, xüsusilə enerji, nəqliyyat və ticarət sektorlarında əməkdaşlıq perspektivləri ölkənin iqtisadi və geosiyasi mövqeyini gücləndirə bilər.

Yenicag.az-a açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı da analoji fikirləri səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın BRICS-ə üzv olmasının onu dünyada baş verən proseslərdən uzaq tutması bir az mürəkkəb məsələdir.

Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycan yeritdiyi siyasət, 44 günlük müharibə və 23 saatlıq anti-terror əməliyyatları və başqa proseslərdə həmişə özünü yaralanmış “rus ayısı”nın pəncəsinin üzərinə düşməməsi üçün qoruyub:

“Çünki Azərbaycan kiçik dövlətdir, Rusiya da get-gedə zəifləyir. Ona görə də apardığımız siyasət ondan ibarətdir ki, proseslərdən optimal şəkildə asanlıqla çıxaq.
Ermənilər isə bunu hesablamırlar və Qərbə birbaşa inteqrasiya məsələsində Rusiya ilə qarşıdurmaya gedirlər. Rusiya ilə qarşıdurmaya getmək isə Azərbaycana sərf etmir. Ona görə də müəyyən təşkilatlar və iş aparılmasının ölkəmiz üçün xeyri var. Onsuz da Rusiya imperiyası get-gedə zəifləyəcək. Bilirik ki, imperiyalar tarixən parçalanma mərhələsindən sonra dağılırlar. XXI əsrdə isə artıq imperiyaların qalması mümkün deyil. Biz isə bu dövrlərdən ziyansız çıxmaq üçün BRICS və digər qurumlara qoşulub ümumi vəziyyəti analiz etməyimiz mütləqdir”.

Rafi Müslümov

COP29