Qlobal iqtisadi böhranın yaratdığı REALLIQLAR: “Yeni münaqişələr ola bilər”

“Yaxın bir və ya iki il ərzində dünyanın müxtəlif regionlarında münaqişələrin, qarşıdurmaların yaranacağı gözləniləndir”.

Bunu COVID-19 pandemiyasının yaratdığı iqtisadi böhranın beynəlxalq aləmdə yeni münaqişələr və ya müharibələrin yaranmasına səbəb ola biləcəyi ehtimalına toxunan AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri bildirib ki, qlobal iqtisadi böhranların dünya ölkələrinin qarşılıqlı münasibətlərinə təsiri qaçılmazdır:

“Adətən, qlobal iqtisadi böhranlardan sonra dünyanın ayrı-ayrı bölgələrində münaqişə və müharibələr baş verir. Birinci Dünya müharibəsindən öncə və İkinci Dünya müharibəsindən sonra da qlobal böhran olmuşdu. Yəni istənilən halda iqtisadi böhranlar münaqişələrə səbəb ola bilir. Bir çox dünya ekspertləri Azərbaycan və Ermənistan arasında baş verən müharibəni də qlobal iqtisadi böhranın nəticəsi və ya tərkib hissəsi kimi görür. Odur ki, yaxın bir və ya iki il ərzində dünyanın müxtəlif regionlarında münaqişələrin, qarşıdurmaların yaranacağı gözləniləndir. Mövcud vəziyyətdə beynəlxalq aləmə nəzər salsaq, bir çox ölkələr arasında sərt gərginlik var və demək olar ki, müharibə həddinə çatıb. Rusiya-Ukrayna və Belarusiya-Polşa münasibətlərini nümunə kimi göstərmək olar. Elə Azərbaycan-Ermənistan münasibətləri də hansısa kontekstdə bura daxil edilə bilər. Əslində. münaqişə və müharibələrin baş verməsi arzuolunan deyil. Dünyanın daha sivil və yaşanılası məkana çevrilməsi məqsədəuyğun olsa da, bəzən arzuların arzu olaraq qalması təəssüf doğurur. Bütün hallarda Azərbaycan istər qlobal iqtisadi çətinliklərə, istərsə də son illərdəki epidemioloji problemlərə qarşı hazırlıqlı davranmalıdır. Dövlət öz dayanıqlılığını qorumaq istəyirsə, istənilən problemə qarşı konsepsiya tərtib olunmalıdır”.

Gülşən Şərif