Qlobal istiləşmə və Xəzər dənizi üçün artan TƏHLÜKƏ: “Suyun səviyyəsinin davamlı azalması…”

“Müasir dövrdə Xəzər dənizində suyun səviyyəsinin azalması iqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri ilə baş verir”.

Bu fikirləri Xəzər dənizində suyun səviyyəsinin azalmasının davamlı xarakter almasının səbəblərini şərh edən ekoloq Rövşən Abbasov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, havanın temperaturunun artması suyun səviyyəsinin azalmasına həlledici təsir göstərir:

“Xəzər dənizi Yer kürəsində ən böyük qapalı su hövzəsidir və orada suyun səviyyəsi hövzəyə tökülən çaylardan, yağıntıların miqdarından və buxarlanmalardan asılıdır.

Burada suyun səviyyəsinin dəyişməsi həmişə müşahidə edilir. Hələ ötən əsrin 40-ci illərində Xəzərdə suyun səviyyəsində kəskin azalma qeydə alınıb və bu proses 1977-78-ci illərə kimi davam edib.

Daha sonra isə 1995-2000-ci illərdə suyun kəskin artması nəticəsində sahildəki binaların bir qismini su basmışdı. Hazırda iqlim dəyişikliyinin təsiri ilə suyun səviyyəsində yenidən azalma müşahidə edilir. İqlim dəyişiklikləri nəticəsində Xəzərin suyu buxarlanır və bu da suyun azalmasına öz təsirini göstərir”.

Nuray Məmmədzadə

COP29