!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qlobal oyun”da yeni iştirakçı: səhnəyə Qazaxıstan çıxır

!Reklam – Yazi

nazarbayevSuriya böhranının aradan qaldırılmasına dair danışıqların məkanı olaraq seçilən Qazaxıstan yeni status qazanmaq imkanı əldə edib.

Yeniçağ.az xəbər verir ki, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşən Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev Suriya üzrə sülh müzakirələrinin ölkəsində təşkil olunmasına hazır olduğunu bəyan edib. O, Rusiya və Türkiyə prezidentlərinin Suriyaya dair danışıqların növbəti mərhələsinin Qazaxıstanda təşkil olunması təşəbbüsünü dəstəklədiyini deyib:

“Qazaxıstan müzakirədə iştirak edəcək tərəfləri Astanada qəbul etməyə hazırdır. Dünən Sizinlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və İran prezidenti Həsən Ruhani ilə danışdıq. Bu məsələdə mövqeyimiz eynidir. Suriyalı tərəflərin görüşü üçün lazım olan şəraiti yaradacağıq”. Xatırladaq ki, Suriya nizamlanmasına dair danışıqların Qazaxıstanda təşkil olunmasının mümkünlüyü barədə V. Putin dekabrın 16-da Yaponiyanın baş naziri Sinzi Abo ilə danışıqlardan sonra verdiyi açıqlamada bildirmişdi.

Əslində, Qazaxıstanın Suriya böhranının həlli prosesinə qoşulması məsələsi ilk dəfə ötən ilə təsadüf edib. Rəsmi Astana 2015-ci ilin aprelində Suriyanın bir sıra müxalif qruplaşmalarının prezident Nazarbayevə məktub göndərərək, münaqişənin tənzimlənməsinə yardım göstərməsini xahiş etdiklərini açıqlamışdı. Bundan sonra isə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov 2015-ci ilin may və oktyabr aylarında ölkəsinin Suriyada münaqişə tərəfləri arasında vasitəçilik missiyasını həyata keçirdiyini diqqətə çatdırmışdı. Bununla belə, qazax nazir bağlı qapılar arxasında keçirilən görüşlərdə kimlərin iştirak etdiyinə aydınlıq gətirməmişdi. Lakin aradan keçən ilyarım ərzində Suriya “teatrında” mənzərə köklü surətdə dəyişib. Əgər 2015-ci ilin ilk yarısına qədər xarabazara çevrilmiş bu Yaxın Şərq ölkəsində proseslərə ABŞ başda olmaqla, Qərb tərəfindən fon verilirdisə, daha sonra təşəbbüs Türkiyə ilə Rusiyaya keçdi. Bu dövlətlərin Suriyada hərbi iştiraklarını gücləndirmələri və müstəqil əməliyyatlar aparmaları, o cümlədən, İranın da iştirakı ilə böhranın həllinə dair müəyyən razılığa gəlmələri yeni situasiya yaradıb.

Belə bir şəraitdə Suriya üzrə danışıqların yeni məkanı qismində Qazaxıstanın önə çıxması heç də təsadüfi deyil. Burada bir neçə amilin rolu mütləq qeyd edilməlidir. İlk olaraq, Suriya proseslərində fəal iştirak edən Türkiyə, Rusiya və İranın Qazaxıstanla münasibətlərinin yüksək səviyyəsi nəzərə alınmalıdır. Qazaxıstan müstəqilliyini elan etdiyi 25 il ərzində adları çəkilən bu ölkələrlə daim yaxşı münasibətlər saxlayıb və dərin əməkdaşlıq qurub. O baxımdan, dünyanın əsas problemi sayılan Suriya böhranının nizamlanması üçün gedən danışıqların Astanada keçirilməsi təkilfi həmin 3 ölkənin Qazaxıstana etimadının göstəricisi hesab olunmalıdır. 2015-ci il noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurmasından sonra bu iki ölkənin pozulmuş münasibətlərinin yenidən bərpa olunmasında Qazaxıstanın, onun lideri Nazarbayevin şəxsi xidmətləri danılmazdır. Ancaq əlbəttə ki, Suriya danışıqlarının Astanada keçirilməsi təşəbbüsü sadəcə, Türkiyə, Rusiya və İranın Qazaxıstana münasibəti ilə məhdudlaşmır. Qazaxıstanın postsovet məkanında, regionda və ümumiyyətlə, qlobal proseslərdə fəallığını artırması rəsmi Astananın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Eyni zamanda, Qazaxıstanın məqsədyönlü inkişaf strategiyasını uğurla həyata keçirməsi, ölkənin iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artması, kənar təxribatlara baxmayaraq, dini ekstremizm meyllərinin vaxtında zərərsizləşdirilməsi bu ölkəni Orta Asiyanın “Sabitlik və inkişaf qalası”na çevirib. Digər tərəfdən, Qazaxıstan düzgün hesablanmış xarici siyasəti və Nursultan Nazarbayevin beynəlxalq təşəbbüslərinin şəxsi nüfuzu sayəsində rəğbətlə qarşılanmasına nail olur. Ona görə də, Qazaxıstanın qlobal proseslərdə, onunla yaxından-uzaqdan əlaqəsi olmayan Suriya böhranının həllində rol almaq istəyi təbii sayılmalıdır.

Astanada keçirilməsi nəzərdə tutulan Suriya danışıqları uğurla nəticələnərsə və bu başıbəlalı ölkədə, nəhayət, sabitlik bərqərar olunarsa, o halda Qazaxıstan tarixə həm də Suriyaya sülh gətirən ölkə kimi tarixə düşəcək. Danışıqlarda iştirak edəcək tərəflərin əhval-ruhiyyəsi bu ehtimalın yüksək olduğunu söyləməyə əsas verir.

 

Yeniçağ.Az Analitik Qrupu

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv