Qlobal postpandemiya ÇAĞIRIŞLARI: “Azərbaycanda yeni iqtisadi modelə keçid daha rahat olacaq”

“Azərbaycan mövcud infrastruktur baxımından, region ölkələri ilə müqayisədə əlverişli vəziyyətdədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın postpandemiya dövrü üçün hazırlıqlarını dəyərləndirən iqtisadçı Fuad İbrahimov deyib.

Fuad İbrahimovun sözlərinə görə, postpandemiya dövrü tək Azərbaycanda deyil, digər ölkələrdə də yeni iqtisadi modelə keçidi aktuallaşdıracaq:

“Əslində, dünyada yeni iqtisadi modelin tətbiqinə çoxdan başlanılıb. Sadəcə, pandemiya dövrü bu prosesi daha da sürətləndirəcək. Yeni iqtisadi modeldə əsas iş daha çox elektron daşıyıcıların üzərinə düşəcək.

Artıq evdən çıxmadan istənilən ticarət dövriyyəsini, bank əməliyyatını və ya hər hansısa xidməti elektron qaydada həyata keçirmək mümkün olacaq. Nəticədə qlobal iqtisadiyyatın elektron xidmət üzərində qurulmasına yol açılacaq”.

Azərbaycanın yeni iqtisadi modelə keçid hazırlığını da dəyərləndirən iqtisadçının fikrincə, ölkədə bu istiqamətdə artıq müəyyən işlər görülüb:

“Son 10 il ərzində Azərbaycanda nanotexnologiyaları, elektron daşıyıcıları və ümumilikdə informasiya texnologiyalarının inkişafına kifayət qədər investisiya yatırılıb. Eyni zamanda, bu sahə üzrə kadrlar da hazırlanıb və artıq infrastruktur sistemləri mövcuddur.

Hazırda Azərbaycan sözügedən sahə üzrə regional səviyyədə Rusiya, İran, Gürcüstan və demək olar ki, Orta Asiya ölkələri arasında da ən əlverişli vəziyyətdədir. Yəni infrastruktur baxımından, Azərbaycan daha hazırlıqlıdır. Ona görə də yeni iqtisadi modelə keçid Azərbaycan üçün elə də çətinlik yaratmayacaq”.

Gülşən Şərif