Müharibələrin miqyası genişlənməkdə davam edir. Azərbaycan-Ermənistan arasındakı müharibə yerini Rusiya-Ukrayna müharibəsinə verdi. Ardınca HƏMAS İsrail, İsrail-Livan müharibələri başladı. Livanla İsrail arasındakı toqquşmalar dondurulduqdan dərhal sonra Suriyada müharibə başladı.
Suriyada hökumətlə müxaliflər arasındakı müharibəni Suriyanın daxili işi kimi təqdim edilsə də, başqa ölkələrin bu məsələdə əli olmadığı deyilsə də, əslində, olan qlobal aləmdə baş verənlərin davamıdır. Suriyada ən kiçik qrupların arxasında belə hansısa bir dövləti görə bilərik. Ona görə də Suriyada hazırda proksilər üzərindən dövlətlərin savaşı gedir, desək yanılmarıq. Suriya hökumətinin özü belə İran və Rusiyanın proksisi kimi çıxış edir.
Müxalif qüvvələrin qısa zamanda iki şəhəri və çoxlu sayda kəndi nəzarətə götürməsi çoxlu sayda suallar yaradır. Buna bir neçə yöndən baxmaq olar: görünən odur ki, hökumət qüvvələrində arxayınlıq olub. Bundan əlavə, müxalif qüvvələr də ciddi hazırlıq görüblər. Ancaq bu qədər sürətli hücumların əsas səbəbi eşelonlaşdırılmış müdafiə xəttinin olmamasından irəli gəlir. Yəni Rusiya-Ukrayna müharibəsindəki kimi, səngər döyüşləri getmir. Ümumiyyətlə, səngər anlayışı Yaxın Şərqə xas xüsusiyyət deyil. Hücum edən tərəf rahatlıqla kəndin, şəhərin bir addımlığına gəlir və şəhər döyüşləri baş verir, güclü olan tərəf də qazanır. Ən zəif müdafiə xətti belə, o qədər qısa zamanda yarıla bilməz. Yeri gəlmişkən, Rusiyanın son zamanlar irəliləməsi də Ukrayna tərəfinin müdafiə xəttinin bitməsi ilə bağlıdır.
Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi məcbur etdi ki, ruslar Suriyadakı əsas qüvvələrini Ukrayna cəbhəsinə atsınlar. “Vaqner”in və digər rus təşkilatlarının başı isə Afrikaya qarışdı. İrana gəldikdə isə İsrail-HƏMAS, İsrail-“Hizbullah” və birbaşa İsrail-İran toqquşmaları rəsmi Tehranın diqqətini fərqli yönə çəkmişdi.
HƏMAS-ın İsrailə qəfil hücumu, ardınca “Hizbullah”ın və husilərin prosesə qoşulması Rusiyanın əlinə oynayırdı. Çünki ABŞ üçün hər şeydən öndə İsrailin təhlükəsizliyi gəlir. İddialar var ki, Qırmızı dənizin husilər tərəfindən iflic edilməsinin də arxasında Rusiya dayanır. Çünki gəmi əleyhinə raketləri husilərə rusların verməsi barədə iddialar var.
Livan-İsrail toqquşasının dondurulması və eyni zamanda, Suriyada proseslərin başlaması bu dəfə Rusiya və İranı çətin vəziyyətə salır. Məsələ ondadır ki, Livanla İsrail arasında toqquşmanı tamamilə bitdiyini deyə bilmərik. Ehtimallar hələ də qalır. Hətta Netanyahu bəyan etdi ki, əgər atəşkəs pozulsa, bütün gücləri ilə hücuma keçəcəklər. Yəni orada donmuş kimi görünən proses bir qığılcıma bənddir. Rusiya və İran Suriyada çətin vəziyyətə düşsələr və proses kontrollarından çıxsa, mütləq şəkildə Livan-İsrail toqquşmasını yenidən alovlandıra bilərlər. Bundan əlavə, husilərlə Səudiyyə Ərəbistanı arasında toqquşmanın olma ehtimalı da yüksəkdir.
Suriyadakı toqquşmalar dövlətlərdən əlavə, yerli qrupların da işinə yarayır. Məsələn, kürd qrupları dövlət qurmaq, daha çox əraziyə nəzarəti əldə etmək üçün addımlar atacaq. Yeri gəlmişkən, Suriyadakı proseslər başlamazdan qısa zaman öncə ABŞ PKK və PYD-ni silahlandırması barədə faktlara əsaslanan informasiyalar yayıldı.
İranın bir nömrəli strateji hədəfi Yaxın Şərqlə bağlıdır. Ona görə də İranın aktiv şəkildə proseslərə qoşulacağını görəcəyik. Rusiyaya gəldikdə, Ukrayna tərəfinin Kursk hücumu rusların digər istiqamətlərdəki işğalçı siyasətinə təsir etmədi, əksinə, ukraynalılar daha çox ərazi itirdi. Ona görə də Suriyadakı proseslər Rusiyanı əsas hədəfindən yayındıracağına ehtimal vermir.
Türkiyənin vəziyyəti isə bir qədər fərqlidir. Türkiyə, eyni zamanda, bəzi qruplara dəstək verməli, bəzi qruplardan isə qorunmalıdır. Türkiyəni birbaşa müharibəyə qoşmaq cəhdləri hiss olunur. Ancaq rəsmi Ankaranın buna gedəcəyi inandırıcı deyil. Çünki Suriyadakı müharibənin qısa müddətdə bitməsi inandırıcı deyil. Uzunmüddətli müharibələrdə isə təkcə hərbi güc yetərli deyil, iqtisadiyyat da buna cavab verməlidir. Uzunmüddətli müharibəyə isə hər ölkənin iqtisadiyyatı dözə bilmir və bilməz də.
Qlobal aləmdə baş verən proseslər Cənubi Qafqazdan da yan ötə bilməz. Realist yanaşsaq, Ermənistanla Azərbaycan arasındakı münaqişə də dondurulmuş münaqişələr tipindədir. Tərəflər arasında heç bir sənəd, heç bir razılaşma yoxdur. 10 noyabr üç tərəfli bəyanat isə bütün münaqişə ərazisini əhatə etmirdi. Antiterror əməliyyatı məlum bəyanatın sonuncu bəndi xaric digərlərini sıradan çıxardı. Hər iki dövlət öz sərhədinə çəkilib və dayanıb. Prosesi donmağa məcbur edən Azərbaycanın hərbi gücü oldu. Hərəkətlənmə isə bir bəhanəyə bənddir.
Azərbaycan böyük dövlət deyil ki, öz sərhədlərindən kənardakı müharibələrin birbaşa iştirakçısı olsun. Ona görə də Azərbaycanın başını yalnız daxilə yönəlik təhdidlərlə qarışdıra bilərlər…