Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü – geoloji parklar yaradılır.
Yenicag.az xəbər verir ki, bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişikliklər edilir.
Qanuna təklif edilən yeni əlavəyə əsasən, geologi parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.
Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Qeyd edək ki, Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanuna dəyişikliklərin qəbulundan sonra bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur.