!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qoca kişi cildində çadıra girib, “KQB”nin planını öyrəndim"– Nemət Pənahlı “qrim olay”ından danışır

!Reklam – Yazi

“Nümayiş Komitəsində təmsil olunan Nurəddin Mehdixanlını “sağ əl”im hesab edirdim”.

Milli Dövlətçilik Partiyasının (MDP) sədri, Meydan Hərəkatının lideri Nemət Pənahlı Yenicag.az-a açıqlamasında 30 il əvvəl baş vermiş maraqlı bir hadisənin detallarını açıqladı.

Tanınmış kinooperator Nizami Abbas Kulis.az-a müsahibəsində 1988-ci ilin 17 noyabr – 5 dekabr aralığında baş tutan və keçmiş SSRİ-ni silkələyən Meydan Hərəkatının lentə alınmasına dair maraqlı məqamlara toxunub.

Həmin günlərdə apardıqları çəkilişlərin necə çətinliklə başa gəlməsindən danışan Nizami Abbas fasiləsiz mitinqlərin qəhrəmanı olan Nemət Pənahlının camaatın içinə çıxa bilmək üçün qrimləndiyindən də bəhs edib:

“Zaur müəllim kinostudiyanın direktoru Ramiz Fətəliyevlə görüşdü, bundan sonra meydana Zaur Məhərrəmov, Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyev gəldi. Deyim ki, onda meydana hər operator da gəlmirdi. 18 gün, 18 gecə biz meydanda qaldıq. Hərəmiz başqa-başqa nöqtələrdən çəkirdik. “Abşeron” mehmanxanasında yerləşmişdik, Ramiz Fətəliyev də gəldi, orada bir baza yaratdıq.

Ordan da çəkilişlər edirdik. “İnturist” mehmanxanasında Bağır Rəfiyev, rejissor Nizami Müsayev idi. Yəni heç kim göstərişlə gəlmədi. Hamı könüllü idi. Amma bununla belə bütün kinostudiya meydana gəlmişdi.

Məsələn, Adil Qulamov səs yazırdı, onda səsyazma studiyasında işləyirdi. Bizim Elbrus (qrimçi Elbrus Vahidov nəzərdə tutulur – S.S.) Nemətə saqqal düzəldir, cürbəcür qrimlər edirdi ki, camaatın içinə çıxa bilsin”.

Nizami bəyin toxunduğu “qrim” məsələsi ilk anda “imic” təsəvvürü yaradır. Belə anlaşılır ki, Kinostudiyanın əməkdaşları Meydanın liderinə çevrilən fəhlə Nemət Pənahlının zahiri obrazını mümkün qədər pozitivləşdirməyə çalışıblar.

Lakin bu barədə Yenicag.az-a danışan Nemət Pənahlı “Qrim məsələsi”nin necə yarandığına geniş şəkildə aydınlıq gətirib. Onun sözlərinə görə, burada söhbət “imic”dən getmir:

“Öncə onu deyim ki, Nizami bəylə 1990-cı ildən sonra heç bir əlaqəm olmayıb, ondan xəbərim yox idi. İndi onu tapmaq və onunla görüşmək imkanının yaranması məni çox sevindirdi.

1988-ci ilin Meydan Hərəkatı zamanı mənim qrimlənməyimə gəldikdə isə Nizami bəyin o dedikləri düzgün anlaşılmayıb. Yəni söhbət indiki anlamda deyildiyi kimi, mənə hansısa imic verilməsindən getmir.

Meydan hərəkatının davam etdiyi günlərdə sovet “KQB”si orada ciddi təxribatlar hazırlayırdı, aksiyanın dağıdılması, hərəkat rəhbərlərinin gözdən salınması istiqamətində işlər aparırdılar, planlar cızırdılar. O cümlədən, Nümayiş Komitəsi də bu məsələdə “KQB” ilə birlikdə hərəkət edirdi, yəni məqsəd Meydanı dağıtmaq idi.

“KQB”nin təxribatçıları, həmçinin Nümayiş Komitəsinin üzvləri bununla bağlı nümayişçilər arasında pozuculuq fəaliyyəti göstərirdilər. Bu barədə mənə məlumatlar çatdırılırdı. Mən özüm mitinq iştirakçıları arasına gələndə təxribatçılar səslərini kəsməli olurdular. Ona görə də onların nə plan hazırladıqlarından xəbər tutmaq olmurdu.

Bu səbəbdən, Meydan Hərəkatını lentə alan Kinostudiya qrupunun rəhbəri olmuş Zaur Məhərrəmovla danışıb, bu niyyətimi ona bildirdim. Qeyd edim ki, Kinostudiyanın həmin qrupunda olduqca vətənpərvər insanlar cəmlənmişdilər, onlara güvənmək olardı. Zaur bəyi də, Nizami bəyi də ilk dəfə Meydanda görüb tanımışdım.

Zaur bəydən soruşdum ki, Meydanda sərbəst hərəkət etmək üçün məni heç kimin tanımayacağı şəkildə qrimləmək mümkündür? Cavab verdi ki, problem yoxdur. Bu məqamları özümün “Əbədiyyət yolçusu” kitabımda da yazmışam.

Təsəvvür edin ki, Zaurgilin köməyi sayəsində “Nəsimi” filmində Əmir Teymuru qrimləyən mütəxəssis Meydandakı çadırlardan birində məni qoca kişi obrazına saldı. İnanın ki, qrimlənəndən sonra özüm özümü tanımadım. Bu hadisəni mən, Zaur və qrim ustasından başqa heç kim bilmirdi.

Həmin vəziyyətdə gecə 12-dən sonra Meydana düşüb, nümayişçilərin arasında sərbəst dolaşmağa başladım. Daha sonra Nümayiş Komitəsinin çadırına girib, sakitcə bir kənarda oturdum. Onlar da məni sıradan çıxartmaq və Meydanı dağıtmaq planını müzakirə edirdilər. Mənim qrimlənməyim onların arasına daxil olub, “KQB”nin planlarını öyrənməyə imkan verdi.

Məsələn, Nümayiş Komitəsində təmsil olunan Nurəddin Mehdixanlını “sağ əl”im hesab edirdim. Mənə məlumat çatdırılırdı ki, Nurəddin “KQB” agentidir, ancaq buna inanmırdım. O cümlədən, oradakıların əksəriyyətini, hətta Firudin Cəlilovu və digərlərini də deyirdilər… Mən həbs edildikdən sonra onlar “KQB”də mənim üzümə duraraq, əleyhimə ifadə verdilər.

Yəni Zaurgilin köməyi ilə qrimlənməyim mənə o həqiqətləri üzə çıxartmaqda çox kömək etdi. O qrim olmasaydı, nə o adamların iç üzünü görəcəkdim, nə də planlarından xəbər tutacaqdım.

Bu məqamı ictimailəşdirdiyi üçün Nizami bəyə təşəkkür edirəm. Dediyim kimi, onu tapıb, görüşəcəm.

A. Zeynalov

www.yenicag.az

4244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv