Qohumlar arasında evliliyə qoyulan QADAĞA: “İlk vaxtlarda qanunsuz nikahlar çoxalacaq”

“Əgər burada genefondun sağlamlığını düşünürüksə, təkcə qohum evliliyinin deyil, digər məsələlərin – ekoliji problemlərin hamilə qadınlara, uşaqlara təsiri məsələsinin də ailə məcəlləsinə daxil edilməsi çox yaxşı olardı”.

Bu fikirləri qohum evliliklərinin yaratdığı fəsadlar barədə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qohum evliliklərinin yasaqlanması elmi tədqiqatlara və statistikaya söykənir:

“O baxımdan ki, xəstə doğulan uşaqların əksəriyyəti qohum evliliklərinin nəticələridir. Lakin mən bütün xəstə doğulan uşaqların qohum evliliyindən olduğu ilə də razılaşmıram. Biz ekoloji məsələləri də unutmamalıyıq. Məsələn, autizmli uşaqların qohum evliliyinə heç bir adiyyəti olmasa da, bu gün nə qədər autizmli xəstə uşağın doğulduğunun şahidi oluruq. Əgər burada genefondun sağlamlığını düşünürüksə, təkcə qohum evliliyinin deyil, digər məsələlərin – ekoloji problemlərin hamilə qadınlara, uşaqlara təsiri məsələsinin də ailə məcəlləsinə daxil edilməsi çox yaxşı olardı”.

M.Zeynalova qeyd edib ki, elə ailələr var ki, orada məişət zorakılığı və qohumlar arasında düşmənçilik hədsiz yüksək dinamikayla qalxıb:

“Təbii ki, ilk dövrdə bunun çoxlu fəsadları olacaq. Bir qism gənclər qohum evliliyi məsələsinə birmənalı olaraq qarşı çıxırlar. Lakin köhnə nəsil hesab edir ki, qohum evliliyi ailəni möhkəm saxlayır. Lakin elə ailələr var ki, orada məişət zorakılığı və qohumlar arasında düşmənçilik hədsiz yüksək dinamikayla qalxıb. Hətta bu, böyük faciə ilə nəticələnib. Münasibətlər o həddə olur ki, hətta bütün nəsil bir-birinə düşmən olur. Burada mütəxəssislərin rəyinə böyük ehtiyac var. Bizim televiziyalarımız daha çox başqa məsələlərə yer ayırır. Bax belə mövzulara daha çox yer ayırmaq, maarifləndirmə işi aparmaq, tez-tez belə məsələlərin fəsadlarından danışmaq lazımdır. Bu sahədə elə mütəxəssis danışmalıdır ki, bunu şouya çevirməsinlər, daha ciddi formada insanlara çatdırsınlar. Evdə bir xəstə uşaq bir ailənin faciəsidir. Bu da ailələrin dağılmasına qədər gətirib çıxaran nəticələrdir. Düşünürəm ki, ilk vaxtlarda qanunsuz nikahlar çoxalacaq. Lakin, fikrimcə, bu, zamanla tənzimlənəcək”.

İsmayıl Bakuvi

COP29