“Qol vuracağımı gözləmirdim” – Mahir Mədətov

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan yeganə qola imza atan Mahir Mədətov qələbəni şərh edib.

“Açığı, qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Sevinirəm ki, belə bir xoş sürprizlə qarşılaşdım və matçda ilk qolumu vurdum. Topu tora göndərdikdən sonra bir anlıq tərəddüd etdim. Baş hakimə baxdıqdan sonra gördüm ki, əli yuxarı yox, mərkəzə doğrudur. Ondan sonra qol sevincimi qeyd etdim” deyə, gənc hücumçu bildirib.

Bundan başqa Mədətov bir həftə sonra keçiriləcək cavab matçından da söz açıb: “Hələ işimiz bitməyib. Qarşıda cavab görüşü var. Komandamızın qarşısındakı məqsədə doğru getməliyik. Ona görə də boşalmaq olmaz. Səfər matçında azarkeş amili də öz sözünü deyəcək. Biz də nəyimiz varsa, ortaya qoymalı, tarix yazmalıyıq. Ən azı 2 top fərqi ilə qalib gəlsəydik, Kopenhagenə daha üstün durumda yollanardıq. 1:0 sürüşkən hesabdır. Amma böyük hesablı qələbə qazansaydıq belə, inanmıram ki, boşalacaqdıq. Çünki rəqibin adı və oyunu hamımıza bəllidir”.

Yenicag.az