“Qol vurub sevinməyəndə də, başqa söz-söhbətlər çıxır” – Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Ayxan Abbasov qələbəni şərh edib:

“Tərlan Əhmədova “Neftçi”də uğurlar arzulayıram. Oyuna gəlincə, çətin olacağını bilirdik. Çünki baş məşqçi dəyişikliyindən sonra rəqib hücum futboluna üstünlük vermişdi. Biz də zamanla səhvlərimizi minimuma endirməyə çalışırıq. 3 xal bizim üçün çox vacib idi”.

Bundan başqa gənc çalışdırıcı komandanın hər qələbəni xüsusi çılğınlıqla qeyd etməsi barədə də suala cavab verib: “Futbolçularım qələbə ruhu ilə yaşayır. Ona görə də hər qola, qələbəyə çılğıncasına reaksiya veririk. Sevinmək olmaz ki? Qol vurub sevinməyəndə də, başqa söz-söhbətlər çıxır” (gülür).