Qolundakı saatın içindən narkotik çıxdı – Bakıda

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Yenicag.az xəbər verir ki, Penitensiar Xidmətin Baş İdarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 204.2-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Nicat Fərhad oğlunun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Bakı şəhər sakini Qasımov Ramin Cümşidoviçin üzərinə baxış keçirilən zaman qolundakı saatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdən çəkisi 0.525 qram heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Nizami Rayon Polis İdarəsinə göndərilib.

Yenicag.az

COP29