“Qonağımız var”: Tənzilə Rüstəmxanlı ilə görüş keçirildi – VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində “Şöhrət” ördenli, “Tərəqqi” medallı Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, iş xanımı Ruhi Əliyeva, gənc iş adamı Nihat Can və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışına bu günün önəminə diqqət çəkərək başlayan Tənzilə Rüstəmxanlı Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin xalqı Laçın xəbərilə müjdələməsinin ona xüsusi əhval-ruhiyyə bəxş etdiyini bildirib, ölkə başçısının verdiyi bu sevincli xəbərlə dinləyicilərin qarşısına çıxdığını vurğulayıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü olduğunu diqqətə çatdıran ATEV sədri onun gördüyü işlərlə bütün azərbaycanlıların qəlbində xüsusi yer tutduğunu qeyd edib.

Azərbaycan müstəqillik tarixinə nəzər salan Tənzilə Rüstəmxanlı ötən 30 ildə aparılan mübarizənin Vətən müharibəsində əldə edilmiş zəfərlə nəticələndiyini, yeni reallıqda Azərbaycanın qarşısında mühüm məsələlərin durduğunu bildirib.

Ömrünün böyük hissəsini türk dünyasının bütünləşməsinə, türk respublikaları arasında əlaqələrin möhkəmlənməsinə sərf etdiyini bildirən ATEV sədri Qarabağ zəfərinin türk cümhuriyyətlərini bir-birinə daha da yaxınlaşdırdığını bildirib.

Tənzilə Rüstəmxanlı gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsinin önəmindən danışaraq əldə edilən zəfərlərin gələcəyə daşınmasının yalnız bu yolla mümkün olduğunu deyib.

Tənzilə Rüstəmxanlı iştirakçıları maraqlandıran suallara cavab verib, səmimi söhbət aparılıb.