Qonşuda Qərb BARMAĞI: “Ermənilər vasitəsilə təxribatlar…”

“2022-ci ildən bəri Gürcüstanda baş verən hadisələr geopolitik mübarizənin bir hissəsi kimi qiymətləndirilməlidir. Həmin dövrdən etibarən, Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd göstərirdi. Lakin Gürcüstan hökuməti müxtəlif yollarla bu prosesdən yayınmağı bacardı və bu səbəbdən Qərbin ciddi tənqidlərinə və təzyiqlərinə məruz qaldı. Qərbin məqsədi, Gürcüstanda onu dinləməyən hakimiyyəti dəyişərək, öz maraqlarına xidmət edən bir idarəetmə forması qurmaq idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Gürcüstanda davam edən etiraz aksiyalarının motivlərindən söz açıb.

Onun sözlərinə görə, hazırda Gürcüstan hökumətinə qarşı genişmiqyaslı təzyiq və əks təbliğat kampaniyası müşahidə olunur:

“Xüsusilə, bu ilin birinci yarısında Qərb müxtəlif etiraz aksiyaları ilə hökuməti öz mövqeyindən döndərməyə çalışdı, lakin buna nail ola bilmədi. Bu səbəbdən, Qərb bütün ümidlərini 26 oktyabr seçkilərinə bağladı. Seçkilərdə hakim partiyanın qələbəsi Qərbi narazı saldı və nəticələri şübhə altına alaraq yeni bir mərhələyə başlamağa çalışdı. Parlamentin ilk iclasına qədər keçirilən bir neçə etiraz aksiyası olsa da, bu aksiyalar, əsasən, sönük keçdi. Lakin prezidentliyə namizədin irəli sürülməsi və Gürcüstan hökumətinin Avropa İttifaqı ilə inteqrasiya məsələsinin 2028-ci ilə qədər gündəmdə olmayacağını açıqlaması yeni etirazların başlanmasına səbəb oldu”.

Analitikin fikrincə, bu proseslərdə Avropa İttifaqı səfiri və digər diplomatların Gürcüstanın daxili işlərinə kobud müdaxiləsi açıq şəkildə görünür:

“Gürcüstan konstitusiyasına əsasən, prezident siyasi partiya üzvü olmamalıdır və siyasi proseslərdə birbaşa iştirak etməməlidir. Buna baxmayaraq, hazırkı prezident siyasi liderliyə iddialı fiqur kimi önə çıxır və özünü yeganə legitim qurum elan edir. Bu isə ciddi konstitusion böhran kimi qiymətləndirilə bilər. Proseslərin inkişafına gəlincə, Gürcüstanın Baş naziri açıq şəkildə bəyan edib ki, Ukrayna ssenarisi Gürcüstanda təkrarlanmayacaq və ikinci “Maydan hərəkatı2na imkan verilməyəcək. Hazırda diplomatik korpusda və Xarici İşlər Nazirliyində müəyyən istefalar baş verib, lakin güc strukturları mövqeyini qoruyur”.

Siyasi təhlilçinin qənaətinə görə, 14 dekabrda Gürcüstan parlamentində yeni prezident seçiləndən sonra növbəti gərginliklərin baş verəcəyi gözlənilir:

“Xüsusilə, Avropa İttifaqı ilə bağlı açıqlanan bəyanatlar müəyyən yanlış anlaşılmalara yol açsa da, sonradan bunların kontekstdən çıxarıldığı məlum olub. Buna baxmayaraq, Gürcüstan hökuməti özünü kifayət qədər inamlı hiss edir və görünür ki, bu prosesi zərərsiz şəkildə keçə biləcək. Nəticə etibarilə, Gürcüstandakı gərginliklərin Cənubi Qafqazdakı proseslərə təsiri qaçılmazdır. Xarici qüvvələrin təsirindən əlavə, yayılan məlumatlara əsasən, Ermənistan hökuməti də Gürcüstanda yaşayan ermənilər vasitəsilə təxribatlar törətməyə cəhd göstərə bilər. Ümid edirik ki, Gürcüstandakı bu məsələlər konstitusiya çərçivəsində həllini tapar və ölkənin daxili potensialı ilə idarə edilər. Əsas məqsəd qonşu Gürcüstanda problemlərin siyasi və hüquqi yollarla həll olunması, xarici müdaxilələrin minimuma endirilməsidir”.

Rafi Müslümov

COP29