Səhiyyə Nazirliyi tibbi maskalar haqqında maarifləndirici məlumat paylaşıb.
Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Yenicag.az-a verilən xəbərə görə, üz üçün tibbi maska – tənəffüs orqanlarının hava-damcı yolu ilə ötürülən patogen viruslardan və bakteriyalardan, submikron ölçülü müxtəlif hissəciklərdən (allergik reaksiyalar törədən), zərərli buxarlardan və aerozollardan, bioloji mayelərdən, tozlardan və s. qorunması üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsidir.
Bu vasitə, müxtəlif sahələrdə böyük populyarlıqla istifadə olunur:
• səhiyyə müəssisələrində;
• kosmetologiyada;
• stehsalatda;
• məişətdə.
Təkistifadəlik tibbi maska, təsnifat
Bu məhsula maraq daim artır və fərdi mühafizə vasitələrinin xarakteristikalarına, təyinatına, ölçülərinə və s. görə fərqlənən müxtəlif versiyalarına tələbat yaranır. Maska istehsalçıları, müxtəlif siniflərə və növlərə ayırmaqla öz məhsul çeşidlərini genişləndirmişlər. Tanış olmaq üçün mövcud təsnifatları nəzərinizə çatdırırıq:
Sterillik dərəcəsinə görə maskalar iki kateqoriyaya bölünür:
1. Steril təkistifadəlik maskalar, xüsusi tərzdə emal olunmuş və beləliklə də səthlərində heç bir mikroorqanizm olmayan maskalardır. Belə vasitələr “təmiz” sahələrdə – əməliyyat otaqlarında və laboratoriyalarda iş üçün nəzərdə tutulmuşdur. Sahə, dezinfeksiyaedici vasitələrlə və ultrabənövşəyi şüalarla işləndikdən sonra “təmiz” sayılır. Adi sahəyə düşdüyü andan etibarən steril maska qeyri-steril olur.
2. Qeyri-steril – məişətdə, tibb müəssisələrində, istehsalda və s. istifadə olunan bütün digər maskalardır. Bu, müxtəlif sferalarda istifadə olunan vasitələrin çoxsaylı alt növlərindən ibarət ümumi kateqoriyadır.
Maskaların istehlakçının konkret yaş qrupuna uyğun ölçülər üzrə bölgüsü mövcuddur:
• yenidoğulmuşlar və 5 yaşa qədər uşaqlar üçün maska – ölçüləri 12 x 7 sm təşkil edir;
• 5 yaşdan 14 yaşadək pasiyentlər üçün uşaq maskası – ölçüləri 14 x 8 sm təşkil edir;
• böyüklər üçün maska – ölçüləri 17 x 9,5 sm təşkil edir.
Bu vasitələr, təyinatı üzrə aşağıdakı kateqoriyalara bölünür:
• cərrahi maskalar;
• prosedur maskaları;
• stomatoloji maskalar.
Fərdi mühafizə vasitələri buraxan məşhur ticarət markalarının istehsalçıları rəng üzrə təsnifatı təklif edirlər:
• yazılarla, abstrakt təsvirlərlə, rəsmli maskalar – əsasən uşaq səhiyyə təşkilatlarında geyinilməsi üçün nəzərdə tutulmuşdur, mühafizədən savayı onlar ikinci təyinata malikdirlər – tanış olmayan mühitə uyğunlaşmağa, tibb heyəti ilə əlaqənin qurulmasına kömək etmək;
• rəngli maskalar – bütün rəng çalarlarında hazırlanmış olub, müxtəlif rəng və çeşid üzrə qablaşdırmalarda satılırlar, mühafizə xüsusiyyətlərindən başqa əhvalın yüksəldilməsini təmin edirlər;
• tibbi qara maskalar – əlavə mühafizə ilə gücləndirilmiş olub, kosmetik salonlarda, təmizlik şirkətlərində, istehsalatda istifadə olunurlar, müxtəlif submikrofil hissəciklərdən etibarlı mühafizəni təmin edirlər.
Bütün rəngli maskalar hipoallergendirlər. Hətta rəng çalarının verilməsi və ya rəsmin yaradılması üçün istifadə olunan boyalar belə, allergik reaksiya verməyən və uşağın orqanizmi üçün tamamilə təhlükəsiz olan xüsusi boyalardırlar. Üz üçün tibbi qara maskalar həm monoton, həm də şən yazılarla (gülüş, bığ, smaylik və s.) ola bilər. Bütün bunlar, uşaq maskalarında olduğu kimi, heyətin və ziyarətçilərin əhvalına xoş təsir bağışlayır ki, bu da təyin olunmuş müalicənin uğurlu olmasına müsbət təsir göstərir.
Strukturuna görə maskalar aşağıdakı kimi bölünürlər:
1. Bağlara malik, çoxistifadəlik tənzif maskalar. Tənzifdən hazırlanmış olur. 2-3 saat ərzində mühafizəni təmin edir; bu müddət ötdükdən sonra vasitə, sonrakı istifadə üçün xüsusi üsulla emal olunmalıdır (yuma, qaynatma və ya dezinfeksiyaedici məhlula salma üsulları münasib ola bilər). Əvvəllər hər yerdə istifadə edilməsinə baxmayaraq, belə maskalar populyarlığı itirirlər.
2. Toxunma olmayan, üçqatlı prosedur maskaları. Belə təkistifadəlik maska, sterilliyə dair xüsusi tələblər olmayan hər bir yerdə istifadə olunurlar. Bu vasitələrin filtrasiya səviyyəsi kifayət qədər yüksək – təxminən 95,9 %-dir. Bu vasitə, toxunma olmayan mikrolifli parçalardan hazırlanır:
• spanbond – iki xarici qat üçün istifadə olunur, əla hava keçiriciliyi ilə fərqlənir;
• meltblaun – daxili filtrasiyaedici qat üçün istifadə olunur.
3. Toxunma olmayan, dörd qatlı, xüsusi təyinatlı (cərrahi) maskalar. Bu maskalar gücləndirilmiş xarakteristikalara malik olub, filtrasiyaedici qatı ikiləşmiş olur. Bəzən əlavə olaraq, maskanı daşıyan şəxsi bioloji mayelərlə birbaşa təmasdan qorumaq üçün maye əleyhinə qata malik vasitələrə də rast gəlinir. Belə maskanın filtrasiya səviyyəsi ən yüksək – 99,9 %-dir.
4. Toxunma kömür maskaları – tozlu sahələrdə və kimyəvi laboratoriyalarda iş zamanı əvəzedilməzdirlər. Kömür maskası bütün məlum patogen mikrofloranı, eləcə də ən kiçik hissəcikləri tutub saxlayır.
Toxuma olmayan maskalar faydalı əlavələrlə təchiz edilmiş olurlar:
• vasitəni lazımi vəziyyətdə saxlayan geniş və yumşaq qulaqardı ilgəklərlə (ilgəklər hipoallergen tərkibə malik olub, lateks törəmələri ehtiva etmirlər, qulağın arxasındakı zərif dərini sürtmürlər);
• əl ilə tənzimlənənən və zəruri yapışma sıxlığını təmin etməklə maskanın maksimum sıx şəkildə və lazımi nahiyədə bədənə sıxılmasına imkan verən, teldən hazırlanmış burun sıxıcısı ilə;
• vasitəni daşıyarkən komfortu təmin edən, maskanın dodaqlara yapışmasına imkan verməyən büzmə ilə.
Qoruyucu maskanı kim və necə geyinməlidir
Maskanı kim geyməlidir: yoluxmasını istəməyən sağlam insan və ya xəstə? Cavab veririk: xəstələnmə halları tək-tək xarakterə malik olduqda, əlbəttə ki, tibbi maska, virus və bakteriyaları öz orqanizmindən ətraf mühitə yaymaması üçün xəstə üçün nəzərdə tutulmuşdur. Epidemiya dövrlərində xəstələnənlərin yaxınları və təbii ki, tibb heyəti də risk zonasına daxil olurlar. Bu halda qripdən qorunmaq üçün tibbi maska həm xəstələnən, həm də təmasda olan tərəf üçün göstəriş olacaqdır.
Qoruyucu maskanı düzgün şəkildə necə istifadə etməli
1. Maskanı geyinmə, daşıma və çıxarma vaxtı vasitənin əl ilə təmasının minimal olmasını təmin etmək.
2. Bütün perimetrləri üzrə maskanı üzə maksimal dərəcədə sıxlaşdırmaq.
3. Vasitənin daşımnması üzrə müddət və şərtlərə riayət etmək:
• mürəkkəb epidemioloji vəziyyətlər zamanı maska hər iki saatdan bir dəyişdirilməlidir;
• tozlanma şərtlərində dəyişmə, hər 3-4 saatdan bir tələb olunur
• adi şərtlərdə vasitənin daşınma müddəti maksimum – 6 saatdır.
4. İstifadə olunmuş maskanı düzgün şəkildə utilizasiya etmək, əlləri sabunla diqqətlə yumaq və ya xüsusi dezinfeksiyaedici vasitələrlə işləmək.
5. Qoruyucu maskanı yalnız zərurət olduqda, əhalinin kütləvi toplandığı ərazilərdə geyinmək.