İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb.
Bu barədə Yenicag.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanan çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir: “Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilib. Bu il isə nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri uğurla həyata keçirilib. 2019-cu ilin ortasında başlayan layihəyə əsasən Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilib.
Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanmış, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilib. Bununla bağlı olaraq İdarə ölkə rəhbərliyinin daimi diqqəti və nəzarəti altında apardığı müxtəlif bərpa-konservasiya layihələrindən daha birini uğurla başa çatdırıb və İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirib”.
Qeyd edək ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır.