Qaz yox, odun da baha – ucqar kəndlər soyuqla necə “savaşır?” – “Maliyyə resursları imkan verdikcə…”
“Növbəti illərdə qaz çəkiləcək bölgələrin əksər hissəsi Yardımlı və Lerik rayonlarını əhatə edəcək”.
Bu fikirləri növbəti qış fəsli ərəfəsində ucqar bölgələrimizdəki yaşayış məntəqələrinin təbii qazla təchiz olunmaları planı haqda danışan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, təmsil etdiyi qurum ucqar rayonların kəndlərinə qaz çəkilişini diqqət mərkəzində saxlayır:
“SOCAR “Azəriqaz” İstehsalat Birliyi regionlarda qazlaşmanın davam etdirilməsi prosesini gündəmdə saxlayır. Əvvəlki illərdən fərqli olaraq, son 3 ildə qazlaşma prosesi İstehsalat Birliyinin öz daxili imkanları və resursları hesabına həyata keçirilir.
Bu çərçivədə hər il 150-ə yaxın kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması plana salınır və görüləcək işlərə sərf ediləcək maliyyə vəsaitlərinin həcmi təsdiqlənir. Daha sonra ayrılan maliyyəyə uyğun qaydada işlərin icrasına başlanılır.
Hazırda ölkədə qazlaşma səviyyəsi 96.4 faiz təşkil edir. Maliyyə resursları imkan verdikcə, İstehsalat Birliyinin fəaliyyəti də maksimum dərəcədə genişləndirilir. Bununla yanaşı, meşə massivlərinə yaxın ərazilərdə yerləşən kəndlərin qazlaşdırılması daim diqqət mərkəzindədir.
Plana əsasən, növbəti illərdə qaz çəkiləcək bölgələrin əksər hissəsi Yardımlı və Lerik rayonlarını əhatə edəcək. Hesab edirəm ki, bu bölgələrin qazlaşdırılması meşələrin qırılmasını əhəmiyyətli dərəcədə azaldacaq”.
Nuray Məmmədzadə