Sergey Dmitriyev: “Qriboyedovun günahı onda idi ki, bu köçürülməyə sona qədər nəzarət edə bilmədi”
Rusiyanın məşhur rejissoru Nikita Mixalkovun Aleksandr Qriboyedov haqqında çoxseriyalı film çəkməyə hazırlaşdığını bəyan etməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.
Tanınmış rejissor Rusiya mətbuatına açıqlamasında Azərbaycan oxucusunun marağına səbəb ola biləcək bir ifadə işlədib. O, Çar Rusiyasının İrandakı səfiri olmuş Aleksandr Qriboyedovun 40 min ermənini Dağlıq Qarabağa yerləşdirdiyini söyləyib: “Bu filmin ssenarisi 1985-ci ildə yazılıb. Biz o zaman filmi Qarabağda başlanan hadisələrə görə çəkə bilmədik. Çünki müharibə başlandı və filmin çəkilişi sadəcə mümkün olmadı”.
Rejissorun fikrincə, A.Qriboyedovun qətli ingilislər tərəfindən planlaşdırılıb: “Bu, tarixi hadisəyə mənim baxışımdır, yəni Aleksandr Qriboyedovun həyatı və ölümü, inanılmaz, o cümlədən tarixi faktlar əsasında yazılmış ağlagəlməz ssenaridir”.
Maraqlı məqamlardan biri də Aleksandr Qriboyedovla bağlı çəkiləcək filmin ssenari müəlliflərindən birinin milliyyətcə erməni Aleksandr Adabaşyan olmasıdır. Rus və erməni ssenaristlər tərəfindən yazılacaq filmdə ermənilərin Dağlıq Qarabağa məhz Qriboyedov tərəfindən köçürülməsini etiraf etmələri şübhə doğurur. Ermənilərin XIX əsrdə Qarabağa gəldiklərini tarixi filmdə göstərmələri heç də inandırıcı deyil. Çox güman ki, erməni Adabaşyanın müəlliflərindən biri olduğu filmin ssenarisində ermənilərin İrandan Qarabağa köçürülməsi ermənilərin öz yurd-yuvalarına qaytarılması kimi təsvir olunacaq.
Bu məqsədlə Rusiyada Aleksandr Qriboyedovun həyat və yaradıcılığı, diplomatik fəaliyyətinin araşdırıcısı olan tanınmış tarixçi, Rusiyanın əməkdar mədəniyyət işçisi, Rusiya Yazıçılar Birliyinin katibi Sergey Dmitriyevlə Qriboyedovun İrandakı diplomatik fəaliyyəti, ermənilərin Dağlıq Qarabağ yerləşdirilməsi ilə bağlı söhbətləşdik.
Bu günlərdə A.S.Puşkin adına Ədəbiyyat Muzeyində Sergey Dmitriyevin “Aleksandr Qriboyedov: Moskvadan Tehrana” adlı sərgisi açılıb. Sərgidə Qriboyedovun Tehranda rus səfiri kimi çalışdığı binanın görüntüləri, Qriboyedovun 1828-ci ildə imzalanan Türkmənçay sülh müqaviləsi zamanı görüntüsünü əks etdirən nadir fotolar, “Ağıldan bəla” əsərinin orijinalı, İran və Azərbaycandakı fəaliyyətini əks etdirən nadir eksponatlar sərgilənib.
Sergey Dmitriyev Aleksandr Qriboyedovun Azərbaycana dilinə, poeziyasına və musiqisinə vurğun olduğunu bildirib: “Qriboyedov ilyarımdan çox indiki İranın şimal hissəsində, Azərbaycanda yaşayıb. Məşhur “Ağıldan bəla” əsərini də Azərbaycanda yazmağa başlayıb. O, İrana gedərkən yolunu hər zaman Azərbaycandan salıb, Azərbaycanın bir çox şəhərlərində olub. 1819-cu ildə yazdıqlarına baxsanız, görərsiniz ki, Qriboyedov Naxçıvanı, Culfanı və gəzdiyi digər Azərbaycan şəhərlərini necə təsvir edib. Bir çox xarici dilləri bilən Qriboyedov Azərbaycan dilini də öyrənib. Bu işdə ona yaxın dostu, dahi Azərbaycan mütəfəkkiri Abbasqulu Ağa Bakıxanov yaxından kömək edib. Bakıxanovla Qriboyedov arasında yaxın dostluq əlaqələri olub. Bu gün sərgidə nümayiş olunan fotoların birində Bakıxanovla Qriboyedovu yan-yana görə bilərsiniz”.
Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı tarixi məqama toxunan S.Dmitriyev bildirib ki, A.Qriboyedov ermənilərin bu ərazilərə köçürülməsində iştirak etsə də, bu işdə tam günahkar deyil: “Qriboyedov iki dəfə Tehrana getmişdi. İlk dəfə 1919-cu ildə 6 aylıq müddətə, daha sonra isə 1828-ci ildə. İkinci gedişində məlum faciəvi hadisə baş verdi. Qriboyedovu səfirliyin binasında vəhşicəsinə öldürdülər. Nəyə görə bu hadisə baş vermişdi? Tarixçilər bir sıra versiyalar irəli sürürlər. Qriboyedovun ikinci dəfə Tehrana göndərilməsi əslində ona qarşı hazırlanmış tələ idi. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi məğlub ölkə İran üçün olduqca ağır idi. Çünki bu müqavilə ilə Naxçıvan və İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu. Həmin müqavilənin şərtlərinə görə, İran Rusiyaya pul ödəməli, əvvəlki illərdə əsir götürdüyü şəxsləri geri qaytarmalı idi. Vacib məsələlərdən biri də ermənilərin köçürülməsi məsələsi idi. Həmin illərdə 70 min erməni 2-3 il ərzində İrandan Azərbaycana köçürüldü. Belə alındı ki, həmin ermənilər Qarabağ və Naxçıvan xanlığının ərazisinə köçürüldülər. Burada vacib olan məsələ odur ki, Qriboyedov Naxçıvanda olan zaman bu məsələlərlə şəxsən özü məşğul olub. Hətta o, nazirə məktubunda bildirir ki, ermənilər yerləşdirilən zaman yerli əhalinin tələbləri mütləq diqqətə alınsın, köçürülmə bərabər hüquqlu şəkildə həyata keçirilsin. Lakin Qriboyedovu eşidən olmadı. Qriboyedovun günahı onda idi ki, bu köçürülməyə sona qədər nəzarət edə bilmədi. 6 aydan sonra Qriboyedov öldürüldü. Əgər o, sağ qalsaydı, çox güman ki, ermənilər Azərbaycan ərazilərinə köçürülən zaman yerli əhalinin tələbləri nəzərə alınacaqdı. Qriboyedovun özünü yazdığı hesabatda 4 min erməni ailəsinin İrandan köçürüldüyü qeyd olunub. Bu köçürülmə 1828-ci ilin sonunda baş vermişdi”.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi bəndini Türkmənçay müqaviləsinə A.Qriboyedovun təşəbbüsü ilə əlavə etməsi ilə bağlı suala rusiyalı tarixçi belə cavab verib: “Türkmənçay müqaviləsini Qriboyedov özü yazmışdı. Lakin müqaviləyə 15-ci, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi maddəsinin əlavə olunması məsələsinə gəldikdə, deyə bilərəm ki, bu məsələ 1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsində də öz əksini tapmışdı. Ona görə də erməni köçünün Qriboyedovun təşəbbüsü ilə həyata keçirilməsini demək əsassızdır. Burada bir məsələ də var. 1795-ci ildə Qacar Tiflisi işğal edən zaman çoxlu xristian əhalini əsir almışdı. Türkmənçay müqaviləsinin bu bəndində həmin xristian əsirlərin də geri qaytarılması vardı”.
S.Dmitriyev A.Qriboyedovun qətlinin əvvəlcədən planlaşdırıldığını qeyd edib: “Həmin illərdə Rusiya-Osmanlı müharibəsi gedirdi. İngilislər Rusiyanı zəiflətmək üçün İranla Rusiya arasında yeni müharibənin olmasını istəyirdilər. Ona görə də Tehrandakı səfir Aleksandr Qriboyedov vəhşicəsinə qətlə yetirildi. Bu işdə həm ingilislər maraqlı idi, həm də şah aristokratiyasında təmsil olunan qüvvələr…”
Rusiyalı tarixçi A.Qriboyedovun qətlində İran şahının xacəsi olan milliyyətcə erməni şəxsin rolunu xüsusi vurğulayıb: “Milliyyətcə erməni olan xacə İran şahının maliyyə məsələlərinə baxırdı. O, Tiflisdə əsir götürülən ermənilərdən idi. Bir sıra tarixçilər erməni xacənin ingilis kəşfiyyatının casusu olduğu qənaətindədirlər. O, Aleksandr Qriboyedovun ölümü ilə nəticələn təxribatın törədilməsinin əsas səbəbkarı idi. Bu işdə əsas rolu xacə oynayırdı. Onu Qriboyedovun yanına göndərmişdilər ki, orada iğtişaş salsın. İran şahı xacəni pul oğurlamaqda ittiham edir, xacə isə Qriboyedovla görüşməyə can atırdı. Qriboyedov onu qəbul etmək istəməsə də, xacə rüşvət müqabilində Qriboyedovun qəbuluna düşə bilmişdi. İngilislər İran tərəfinin oğru bir şəxsin rus səfiri tərəfindən himayə olunmasının mənfi reaksiya doğuracağını yəqin etmişdilər. Belə də oldu, səfirlikdə Qriboyedovla birlikdə olan 37 nəfər vəhşicəsinə qətlə yetirildi. Erməni xacənin ingilis casusu olmasına dair çoxlu sübutlar var”.
Rusiyalı tarixçi rejissor Nikita Mixalkovun “Qriboyedov” filmində tarixi həqiqətləri düzgün əks etdirəcəyinə şübhə ilə yanaşdığını da söyləyib: “Nəzər alsaq ki, filimin ssenarisini Aleksandr Qriboyedovun həyat və yaradıcılığını tədqiq edən insanlar yazmayıb, o zaman filmdə tarixi həqiqətlərin nə dərəcədə əks olunacağını söyləmək çətindir. Nə Aleksandr Adabaşyan, nə də Nikita Mixalkov Qriboyedovun araşdırmaçısı deyillər”.