Qriqorçuk “Qarabağ”a məğlubiyyəti şərh etdi: “Futbolçunun “qabında” olmalıdır”

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Qarabağ”a 1:2 hesabıyla məğlub olan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:

– Əsas rəqibiniz “Qarabağ”a məğlubiyyət sizin motivasiyanıza necə təsir etdi?
– Bu, mənim motivasiyama heç cür təsir edə bilməz.

– Bu gün komandada nə çatışmadı?
– Komandada ustalıq çatışmırdı. Bir də, bəzi səhvlərə yol verdik. Ustalıq səviyyəsi elə şeydi ki, futbolçunun “qabında” olmalıdır. Əlbəttə, ustalıq səviyyəsi yaxşı olan futbolçularımız da var.

– Legioner limiti komandanın oyununa necə təsir edir? “Qarabağ”da Mahir Mədətov var, hansı ki, bu oyunda əsas simalardan idi. Ancaq “Qəbələ”də bu cür futbolçular yoxdu…
– Bu problemi həll etmək çətindi. Belə bir imkan görmürəm. Yeganə çarəmiz budu ki, əlimizdə olan gənc futbolçuları inkişaf etdirək.

– Bu gün matçın baş hakimi sərt oyuna şərait yaradırdı. Bu sizi narahat etmirdi ki?
– Bu gün hakimlik çox yüksək səviyyədə idi. Məncə, əla idi.

– Komandadan ayrılan Xavyer Ernandes açıqlama verib ki, bilmirəm məni niyə komandaya dəvət etmişdilər. Bu barədə nə deyə bilərsiz?
– Xavyer Ernandes yaxşı oyunçudu. O indi başqa komandanın futbolçusudu. Ona sadəcə, uğurlar arzulayıram.

Yenicag.az