Qubad İbadoğlu Müsavat-dan xaric edilib

Qubad Ibadoglu 130112“İndiki başqan nominaldı, mənimlə bağlı qərarı əvvəlki başqan verib”

Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar verilib.

Q. İbadoğlunun partiyadan çıxarılması ilə bağlı qərar 12 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla qəbul olunub.

Müsavat başqanının müavini Elman Fəttah deyib ki, Q. İbadoğlu Müsavat Partiyası Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmək, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.

Qubad İbadoğlu isə açıqlamasında Divanın müzakirəsini “formal” adlandırıb: “Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi”.

O qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: “Çünki Müsavat Partiyasını indi yalnız bir nəfər idarə edir. İndiki başqan nominaldı, mənimlə bağlı qərarı əvvəlki başqan verib”.

Q. İbadoğlu qərarı “yanlış və əsassız” adlandırıb.

COP29