Qubada çətənə kolları əkən şəxs saxlanıldı – FOTO

Qubada çətənə kolları əkən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 61 yaşlı Telman Zeynalov yaşadığı evin yaxınlığında saxlanılıb. T.Zeynalov üzərinə keçirilmiş baxış zamanı ondan bir bükümdə çəkisi 2 qrama yaxın olan narkotik vasitə – qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən T.Zeynalova məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan ümumi çəkisi 0.9 qram olan iki bükümdə, həyətyanı sahəsindən isə 400 qramdan çox olan qurudulmuş marixuana, həmçinin xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.