Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə 2024-cü ilin 18-20 oktyabr tarixlərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Gənc turizm liderləri” adlı düşərgə keçirilib.
Layihə ATMU-da təhsil alan yerli və əcnəbi tələbələri əhatə edib. Düşərgədə eyni zamanda hər üç qurumun rəsmi nümayəndələri də iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev çıxış edərək, ölkəmizdə turizm sahəsinə töhfə olaraq keçirilən və gənc turizmçilərə dəstək məqsədi daşıyan bu cür layihələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Milli Kulinariya Mərkəzinin direktoru Ceyran Əsgərova çıxışı zamanı tələbələrə gələcək karyeralarında uğurlar arzulayaraq bu kimi layihələrdən faydalanmağa çağırıb.
ATMU-nun Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı bildirib ki, bu layihə ölkəmizin turizm sənayesinin inkişaf etdirilməsi, turizm siyasətinin həyata keçirilməsi, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması baxımından genişmiqyaslı işlər görmək üçün təhsil alan tələbələrimizə dəstək xarakteri daşıyır.
Qeyd edək ki, düşərgənin planına şəhər turu, master-klaslar, idman oyunları, təlimlər və s. daxil olub. ATMU-nun tələbələri 3 günlük düşərgənin planı çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qubadakı Qırmızı qəsəbədə ekskursiyada olublar. Onlar mühazirələrdə tolerantlıq barədə dinlədiklərinin əyani şahidinə çevriliblər.
Ölkəmizdə turizm sahəsinə töhfə olaraq keçirilən və gənc turizmçilərə dəstək məqsədilə təşkil edilən “Gənc turizm liderləri” adlı düşərgə tələbələr və qonaqlar tərəfindən maraqla qarşılanıb.