Qubadakı yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanıldı – FOTO

Qubada baş verən yanğınla əlaqədar bir nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupundan Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.

Belə ki, rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq beş sot quru otlaq sahəsi və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Quba RPŞ-nin və YMX-nin əməkdaşları cəlb olunublar.

Polis əməkdaşları tərəfindən S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib.