Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Yenicag.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gün əvvəl əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yolun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində yol bağlıdır.
Qubada yerləşən “5 saylı Yol İstismarı MMC”nin mühəndisi Rövşən Babayev “Azərtac”a bildirib ki, körpü yaxınlığındakı alternativ yol çayda suyun səviyyəsi azalandan sonra bərpa olunacaq. “Hazırda çayda güclü sel müşahidə olunur. Həmin ərazidə texnikanın işləməsi mümkün deyil. Vəziyyətə nəzarət edirik. Suyun səviyyəsi azalan kimi, alternativ yol qısa zamanda bərpa ediləcək”, – deyə Rövşən Babayev bildirib.
Qusarçay üzərində uzunluğu 146, eni 10 metr olan körpünün əsaslı təmiri isə sentyabr ayında başa çatdırılacaq.