!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qumda təhsil alanlara suyun altında silahdan istifadə qaydaları da öyrədilir” - İlham İsmayıl

!Reklam – Yazi

“Ocaq Necatın ofisinin bağlanması İranın Azərbaycandakı şəbəkəsinə qarşı geniş tədbirlərin başlanğıcı hesab oluna bilər”.

Bu fikirləri İranın Azərbaycandakı şəbəkəsinin tam sıradan çıxarılması üçün yeni mərhələyə başlamağın vacibliyi qənaətində olan keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran öz gerçək sifətini göstərəndə, Azərbaycan da adekvat davranmaqdan çəkinməyəcəyini nümayiş etdirməkdədir:

“Biz müstəqilliyimizi bərpa etdiyimiz gündən bu yana, hələ ola bilsin, ondan əvvəl də Ocaq Necat İran Mədəniyyət Mərkəzi adı altında Azərbaycanda fəaliyyət göstərib. Onun fəaliyyəti İran İslam İnqilabı nəzəriyyəsini Azərbaycana ekspansiya etməkdən ibarət olub.

Onların din pərdəsi altında açıq fəaliyyət göstərdiyini və Ocaq Necatın xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu təhlükəsizlik orqanlarında işlədiyim dövrdən bilirdim. Onun əyalətlərə səfərləri, orada apardığı söhbətlər, şəriət dövləti qurulmasının zəruriliyi haqda fikirləri bizim xüsusi xidmət orqanlarına məlum idi.

Sadəcə olaraq, müharibə vəziyyətində olmağımızı və bir sıra başqa səbəbləri əsas götürərək, İranla münasibətləri kəskinləşdirməmək üçün bu kimi fəaliyyətlərə qarşı yumşaq mövqe tutmuşuq.

Amma xatırlayırsınızsa, vaxtilə Azərbaycanda “İmam Xomeyni adına İmdad Komitəsi” fəaliyyət göstərirdi. O komitə də humanitar fəaliyyət pərdəsi altında İran modelli şəriət dövləti təbliğatı aparırdı, insanları, bütöv ailələri, onların qohumlarını özlərinə cəlb edirdi.

Komitənin fəaliyyətində separatizmə dəstək elementləri çox qabarırdı. O vaxt mən də bu barədə bir yazı yazmışdım. Həmin yazının dərc olunmasından təqribən bir ay sonra – 2007-ci ildə – komitənin Azərbaycanda fəaliyyəti dayandırıldı.

İndi isə İran öz gerçək sifətini göstərəndə, Azərbaycan da adekvat davrandı, göstərdi ki, lazım gələndə, Gorus-Qafan yolunu bağlamaqla kifayətlənmirik, hətta Ocaq Necatın rəhbəri olduğu nümayəndəliyin fəaliyyətinə son qoyuruq. Bu, gec də olsa, çox düzgün addımdır.

Bəli, bu addımı İranın Azərbaycandakı şəbəkəsinə qarşı geniş tədbirlərin başlanğıcı kimi qiymətləndirə bilərik. O mərkəz burada müəyyən mənada rezidentura fəaliyyətini həyata keçirirdi. Bir çox adamlarla təmas qururlar, onların bəziləri ilə açıq, bəziləri ilə gizli görüşlər keçirirlər. Bəzilərinə açıq, digərlərinə isə gizli fəaliyyət göstərmələrini tövsiyə edirdilər.

Onları inandırırdılar ki, din pərdəsi altında aparılan fəaliyyətə görə sizə heç nə deyilməyəcək. Hətta həmin dəstənin daxilində terrora hazırlıq görən şəxslərin olması da mümkündür. Çünki Qumda oxuyanlar yalnız dini təhsil almırlar, onlara yeri gələndə, suyun altında silahdan istifadə qaydaları da öyrədilir.

O baxımdan, dediyim kimi, bu addım İranın Azərbaycandakı şəbəkəsinə qarşı geniş tədbirlərin başlanğıcı hesab oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, həmin şəbəkə çox geniş və təhlükəlidir. Buna görə də onların təmizlənməsi üçün yeni bir mərhələyə başlamaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv