Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib.

Sportinfo.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdarda cərimələməyib.

Q.Qurbanov E.Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir. Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.

Qeyd edək ki, UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub. O, Bakıda “Bayer”ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək. Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib. “Tofiq Bəhramov”da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər – 1:1. Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib. Sarı kart alan Elvin final fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq “kotostrofa” ifadəsini işlədib. Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb.

COP29