Qurban Qurbanov: “Qruplara düşmək üçün son sınağımızdır”

“Qruplara düşmək üçün son sınağımızdır. Bu vaxtadək fərqli rəqiblərə qarşı oynadıq. Hazırkı rəqibimiz digərlərindən tam fərqlənir. Çexiya futbolu oyun intizamı ilə seçilir”.

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Çexiyada atletik futbolun ön planda olduğunu bildirib: “Bu cür komandalara qarşı oynamışıq. Biz daha çox güc sərf etməliyik. Bakıda və səfərdə çox dözümlü olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Son sınaqdan faydalı çıxmağa çalışacağıq. Azarkeşləri yaxşı mübarizə və oyunla sevindirmək istəyirik. Matça maraq da çoxdur. Fanatların inamını qoruyub saxlamaq niyyətindəyik. İnanıram ki, tərəfdarları razı sala biləcəyik”.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.